Alimin evindəki 1 milyonluq oğurluq işi böyüyür


Digərləri 02 Apr 2018 14:59:00 265 0

Alimin evindəki 1 milyonluq oğurluq işi böyüyür

Alimin evindən bir milyon manat pul və zinət əşyaları oğurlamaqda ittiham olunan Xanım Zeynalovanın atası Əbdüləli Zeynalov redaksiyamıza müraciət edib.

Son.az xəbər verir ki, şikayətçi qafqazinfo-ya bildirib ki, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında qızı cinayət məsuliyyətinə cəlb olunub. Ancaq ata qızının oğurluq etmədiyini, bu şikayətin onlara qarşı bir təxribat olduğunu iddia edib:

"Qızım Xanım 2010-2014-cü illərdə Aybəniz Əliyevanın evində xidmətçi işləyib. Bu müddətdə Xanımın  Aybəniz Əliyevanın qızı, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olan Gülşən Əliyeva ilə münasibəti yaxşı olub. Xanım bir neçə dəfə Gülşənə ailə məsələlərində kömək edib, bunun müqabilində isə o, qızıma 2 qızıl zinət əşyasını verib. Onu da qeyd edim ki, evimizdə yoxlanış aparılan zaman elə həmin qızıllar sübut kimi göstərilib. Sonradan ailə arasında tez-tez xoşagəlməz mübahisələr yaranmağa başlayıb. Odur ki, Xanım işindən ayrılıb və Metropolitendə işləməyə başlayıb. Onlar dəfələrlə qızıma işə geri dönməsi üçün müraciət etsələr də, Xanım geri qayıtmayıb.

Artıq qızımın onlara kömək etməyəcəyini görən ailə düz 3 il sonra, ötən ilin iyul ayının 23-də qondarma oğurluq ittihamı ilə polisə müraciət edib və Xanım 177.3.2 maddəsi ilə həbs olunub. Elə həmin gün də məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Daha sonra isə bu müddət 3 ay da artırılıb. 

İddia olunur ki, Xanım 536 min ABŞ dollar və 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Qızım oğurluq edibsə, əl izi, sübütlar göstərilsin. Sübut olunsun ki, həqiqətən də Aybəniz xanımın kassasında 536 min dollar vəsait olub və həmin pul qızım tərəfindən oğurlanıb.