Səfirlik: "Namazovun jurnalist olmadığı barədə məktub göndərmişik"


Kriminal 02 Apr 2018 12:10:00 263 0

Səfirlik: "Namazovun jurnalist olmadığı barədə məktub göndərmişik"

Azərbaycanın Fransadakı səfirliyi Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazovun (Şəkinski) güllələnməsi ilə bağlı istintaqın gedişi ilə daim maraqlanır və məsələni diqqətdə saxlayır.

Son.az xəbər verir ki, bu barədə  APA-nın sorğusuna cavab olaraq Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.

Açıqlamada deyilir ki, səfirlik Fransa Xarici İşlər Nazirliyi, istintaq orqanları və Tuluza şəhərinin hüquq-mühafizə orqanları ilə sıx təmasdadır: "Məsələnin araşdırılması və daha dəqiq məlumat əldə edilməsi vaxt apardığı üçün səfirliyin baş verənlərlə bağlı münasibəti bir az gecikdi".

Məlumatda qeyd edilir ki, səfirlik də bu məsələ ilə bağlı istintaqın obyektiv araşdırılması və həqiqətin tezliklə ortaya çıxmasında maraqlıdır: "Çünki məsələni artıq fərqli məcraya yönəldiblər. Fransa mediası Rahim Namazovu jurnalist kimi təqdim edib, çünki o, Fransada oturum almaq üçün özünü jurnalist kimi qələmə verib, sosial şəbəkələr vasitəsilə çıxış edərək Azərbaycanda guya siyasi təqibə məruz qaldığını, həyatı üçün təhlükə olduğunu, buna görə ölkədən qaçdığını deyib.

Biz media orqanlarına onun jurnalist olmadığı barədə məktub ünvanlamışıq. Səfirliyin müdaxiləsindən sonra 15-ə yaxın media orqanı səfirliyin mövqeyini işıqlandırıb. Sosial şəbəkələr vasitəsilə də bu cür açıqlamalar yayırıq.