İcra başçısı şəhid atasının ittihamlarına cavab verdi


Digərləri 02 Apr 2018 11:35:00 302 0

İcra başçısı şəhid atasının ittihamlarına cavab verdi

Zərdab rayonunun icra başçısı Lütvəli Babayev aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayevin ittihamlarına cavab verib. 

Son.az xəbər verir ki, L. Babayev qafqazinfo-ya açıqlamasında qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Nurlan Abdullazadənin atası Abdullayev Rasim Tapdıq oğlu Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən onun ailəsinin problemlərinin həllinə lazımi diqqət yetirilməməsi barədə ayrı-ayrı saytlar vasitəsilə müxtəlif yuxarı orqanlara müraciətlər edib: 

"Rasim Abdullayevin müraciətində qeyd edilən fikirlərin heç bir əsası yoxdur, şantaj və böhtan xarakterlidir. Belə ki, şəhid ailəsi kimi Rasim Abdullayevin etdiyi bütün müraciətlərə Rayon İcra Hakimiyyəti tərəfindən diqqətlə yanaşılıb və qaldırdığı məsələlərin həlli üçün zəruri olan bütün tədbirlər görülüb. 2012-ci ildən Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü, gizir Abdullazadə Nurlan Rasim oğlu 2016-cı ilin aprel ayında Tərtər bölgəsində gedən döyüşlərdə şəhid olub.

Şəhidin cənazəsi 5 aprel 2016-cı il tarixdə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndinə gətirilib və Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində minlərlə zərdablı, o cümlədən kənd sakinləri, gənclər, Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Zərdab bölməsinin nümayəndələri  iştirak ediblər.

Şəhidin dəfn, 3, 7, 40 mərasimlərinin maliyyə xərcləri Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib. Onun məzar və məzarüstü daşlarının mərmərdən hazırlanması üçün ailəsi 5 min manat vəsait tələb etsə də, Rayon İcra Hakimiyyəti tərəfindən bu iş 2700 manat sərf edilməklə görülüb.

Şəhidin ailəsinə Müdafiə Nazirliyi və şəhidin xidmət etdiyi hərbi hissə tərəfindən 2 min, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və müxtəlif təşkilatların əmək kollektivləri tərəfindən 2 min manat dəyərində maddi köməklik göstərilib. Dövlət sığorta Şirkəti tərəfindən 11 min manat dəyərində hərbi qulluqçuların icbari sığorta məbləği ödənilib. Ədliyyə naziri tərəfindən ailəyə 300 manat dəyərində ərzaq məhsulları alınaraq verilib.

Şəhidin yaşadığı evə gedən 250 metr, həmin evdən qəbiristanlığa qədər olan 1100 metr yol təmir edilib.

Təhsil aldığı İsaqbağı kənd tam orta məktəbində Nurlan Abdullazadə barədə geniş məlumat guşəsi yaradılıb, mərmər lövhəyə həkk olunmuş böyük şəkli məktəbin həyətində yerləşdirilib. Rayonun məktəblərində və uşaq bağçalarında şəhidin həyatını və döyüş fəaliyyətini əks etdirən lövhələr təşkil edilib.

Böyük Dəkkə kəndində yaşadığı küçəyə şəhid Nurlan Abdullazadənin adı verilib.

Rasim Abdullayevin müraciəti əsasında onun ailə quraraq Zərdab rayonunun Təzəkənd kəndinə köçmüş qızı Nurlana Abdullayeva 01.04.2017-ci il tarixdə Rayon Mərkəzi Xəstəxanasında işlə təmin edilib və aylıq əmək haqqı 139 manatdır.