Gözdən əlil vətəndaşlar prezident seçkilərində necə səs verəcək?


Digərləri 02 Apr 2018 10:23:00 222 0

Gözdən əlil vətəndaşlar prezident seçkilərində necə səs verəcək?

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar hər bir məntəqə seçki komissiyası Brayl əlifbası ilə yazılmış trafaret forması ilə təmin olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Seçki-2018" Müstəqil Media Mərkəzinə bildirilib ki, gözdən əlil olan səsvermə hüquqlu vətəndaşlar onlar üçün hazırlanmış xüsusi trafaretlərdən istifadə etməklə seçki günü sərbəst şəkildə istədikləri namizədə səs verəcəklər.

Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün isə daşına bilən panduslardan istifadə olunacaq. Respublika üzrə aparılan araşdırmalar nəticəsində 1455 məntəqədə hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin olduğu müəyyən edilib, həmin məntəqələrdə hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün şərait yaradılıb və mobil panduslar quraşdırılıb. Beləliklə, bütün seçki məntəqələri bu qəbildən olan seçicilər üçün əlverişli hala gətirilib. Həmin panduslar əlil arabasından istifadə etməklə hərəkət edən şəxslərin də sərbəst şəkildə məntəqəyə gələrək səs verməsinə imkan yaradacaq.