Azərbaycan Premyer Liqasında XXI turun son 2 oyunu keçiriləcək


İdman 02 Apr 2018 09:56:00 228 0

Azərbaycan Premyer Liqasında XXI turun son 2 oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun son 2 matçı keçiriləcək.

Goal.az-ın məlumatına görə, ilk oyun günündə olduğu kimi, qarşılaşmalardan biri əyalətdə, digəri paytaxtda olacaq.

Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sumqayıt"ı qəbul edəcək. "Qəbələ" hazırda 39 xalla 2-ci pillədə qərarlaşsa da, qeyri-stabil nəticələr göstərməkdədir. "Sumqayıt" isə məğlubiyyət acısı dadmadan xallarını 34-ə yüksəldib. 

Bu komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəliblər. Bunların 15-də "Qəbələ", 2-də "Sumqayıt" qalib olubsa, 5 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti 40:16 "Qəbələ"nin xeyrinədir. İlk 2 dövrədəki oyunlar Roman Qriqorçukun baş məşqçi olduğu kollektivin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. "Qırmızı-qaralar" indiyədək bütün oyunlarda qol sevinci yaşayıb. "Sumqayıt" isə səfərdə hələ qələbə qazanmayıb. Bu isə o deməkdir ki, Abasovun komandası qalib gəlsə, tarixi nailiyyətə imza atacaq.

Günün son qarşılaşması isə "Bakcell Arena"da "Neftçi" ilə "Səbail" arasında oynanılacaq. Hazırda turnir cədvəlində qonşu olsalar da, bu komandalar arasında 9 xallıq fərq var. Flaqman 27 xalla 5-ci, debütant 18 xalla 6-cı pillədədir. Hazırkı baş məşqçi Tərlan Əhmədovun dönəmində isə "ağ-qaralar" debütantı səfərdə darmadağın ediblər - 4:0. Bu isə o deməkdir ki, "Neftçi" III dövrədə "Səbail"i ilk dəfə qəbul edəcək. Əvvəlki iki görüşdə qol vuran komanda qalib gəlib. Topların nisbəti isə 4:1 flaqmanın xeyrinədir.

"Səbail"in baş məşqçisi Samir Əliyev əvvəllər "Neftçi"nin futbolçusu və baş məşqçisi olub. Hazırda komandanın bir neçə oyunçusu flaqmanın yetirməsidir.

Azərbaycan Premyer Liqası, XXI tur

2 aprel (bazar ertəsi)

17:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Kərim Ağayev

Qəbələ şəhər stadionu

19:30. “Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

“Bakcell Arena”

Turun ilk oyun günündə "Kəpəz" "Zirə" ilə 0:0, "Qarabağ" isə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib.