Köhnə kitabları oxuyarkən təhlükəli xəstəliklərə də yoluxa bilərik


Digərləri 02 Apr 2018 07:56:00 207 0

Köhnə kitabları oxuyarkən təhlükəli xəstəliklərə də yoluxa bilərik

İnsan beyninin dincəlməsi üçün olduqca müstəsna rola malik olan kitablar arasında gün keçirmək çox insanların sevimli məşğuliyyətidir. Bəzi insanlar onlarda nostalji hisslər yaradan köhnə kitabları vərəqləməyi, onları oxumağı daha çox sevir. Bəzi insanlar isə sırf peşələri ilə əlaqədar köhnə kitablar, sənədlər arasında gün keçirməli olurlar.

Lakin kitabsevərlər, eyni zamanda köhnə kitab, sənədlər arasında gün keçirməyə məcbur olan insanlar bilməlidirlər ki, yeni çapdan çıxan kitabların insan sağlamlığına zərəri olmasa da, köhnə kitablar, sənədlər tozlarla bol olduğundan onlar insan səhhətində bir çox problemlər yarada bilərlər.

Son.az xəbər verir ki, köhnə kitabları insan səhhəti üçün təhlükəli sayan həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, kitab tozu hazırda ən geniş yayılmış allergenlərdəndir: "Allergiya simptomları kəskin respirator virus infeksiyalarının simptomlarını xatırladır. Buna görə də həkim səhv olaraq soyuqdəymə xəstəliyinin müalicəsi məqsədilə dərman preparatları təyin edir. Amma bu xəstənin vəziyyətini yüngülləşdirmir. Bu xəstəliyin ən ağır forması allergik bronxial astma, anafilaktik şok, həzm sisteminin allergik zədələnməsi ola bilər".

Y.Abdiyeva deyib ki, kitab tozlarına olan allergiya xoşəgəlməz simptomatika ilə müşayiət olunur, o, insana diskomfort yaradır, tənəffüs orqanlarının təhlükəli xəstəliklərinin inkişafına şərait yaradır. Mikroskopik hissəciklərin tərkibindəki zərərli maddələr astmatik tutmaların yaranmasını sürətləndirir:

"Toz - ən güclü qıcıqlandırıcılardan biri hesab edilir, onunla mübarizə aparmaq çətindir. Mikrohissəciklər asanlıqla mebel, xalça, yumşaq oyuncaqlar üzərində toplanır, tənəffüs yollarına asanlıqla daxil olurlar. İstənilən yaşda olan insanlar üçün nəinki ev, həm də kitab tozları təhlükəlidir, onlarda saprofitlər, onların həyat fəaliyyəti və parçalanma məhsulları yerləşir. Mikrohissəciklər kif sporları toplayır, asanlıqla burun-udlağa, bronxlara, ağciyərlərə daxil olur, burun yollarında, gözlərin sklerasında çökürlər".

Y.Abdiyeva qeyd edib ki, belə tozların fəsadlarından daha çox əziyyət çəkənlər gündəlik olaraq çox sayda kitablarla, xüsusilə köhnə kitab və sənədlərlə təmasda olan insanlardır.