22 yaşında ağsaqqal kimi elçiliyə gedən təhsil eksperti Keçmişdəki mən


Digərləri 02 Apr 2018 07:41:00 269 0

22 yaşında ağsaqqal kimi elçiliyə gedən təhsil eksperti  Keçmişdəki mən

"Kənddə maaşımı alırdım, xərcləməyə yer tapmırdım" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onun yaddaşında uşaqlıq illəri dərin iz buraxıb. Nə yeniyetməlik, nə gənclik, nə də yaşının hazırkı çağının hər hansı anı o izlər qədər dərin olub. Xatirələrin insana acı verdiyini düşünür. Elə keçmişə səyahət edərkən də, köks ötürür. "Keçmişdəki mən" rubrikamızın bu dəfəki qonağı təhsil eksperti Nadir İsrafilovdur.

Uşaqlığı Xaçmazda keçib. 2 uşaqlı fəhlə ailəsində böyüyüb. Həmsöhbətimiz müharibə dövrünün yetişdirdiyi uşaqlardan olsa da, o illəri qayğısız hesab edir: "Mənim uşaqlıq, gənclik illərim sovet dönəmi ilə bağlıdır. Uşaqlığım 50-60-cı illərə təsadüf edir. Müharibə dövrünün uşaqları idik. Amma qayğının nə olduğunu bilmirdik. Yadımdadır, Xaçmazda böyük bir konserv zavodu tikmişdilər. Bu zavod Avropada məhsul istehsalına görə, ikinci böyük zavod idi. Tomat istehsal edilirdi. Valideynlərim də orada fəhlə kimi işləyirdilər. Zavod işçiləri üçün hər şəraiti yaradırdı. Valideynlərimiz orada işlədiyi üçün zavodun yanındakı bağçada təhsil alırdıq. Beynəlmiləl mühitdə böyümüşəm. Zavodda əsasən yəhudilər, ruslar, ingilislər işləyirdilər. Mən də rusların içində böyüdüm və təhsilimi də rus dilində aldım".   "Dəcəllik etməyə vaxt qalmırdı"   Deyir ki, çox sakit, təmkinli və oxuyan uşaq olub. Həmyaşıdları kimi dəcəllik etməyə vaxt tapmayıb: "O dövrdə dəcəllik anlayışı sanki yox idi. Məktəb çox ciddi prinsiplər üzərində qurulurdu. O vaxt internet, telefon yox idi. Tətil olan kimi bizi Azərbaycanın ən səfalı yerlərinə, pioner düşərgələrinə aparırdılar. Vaxtımız o qədər gözəl və düzgün bölünürdü ki... O vaxt tədris planları fərqli idi. Dərs saatlarından əlavə fakültətiv məşğələlər olurdu. Məktəblərdə uşaqların hansı fənnə meyli olduğu müşahidə edilirdi və fakültətiv qruplara yazılırdılar. Dərsdən gələndən sonra yeməyimizi yeyir, oynamağa gedirdik. İndiki kimi olimpiya kompleksləri yox idi, amma həyət qaynayırdı. Hər məhəllədə ot örtüklü stadionlar var idi. Oynayandan sonra dərhal məşğələlərə gedirdik. İndi texnologiya insanlarda robotlaşma yaradır. Ancaq bağça, məktəblə iş bitmir. Uşağın asudə vaxtı da düzgün bölünməlidir. Müasir dövrün 11-ci sinif şagirdi çox balaca görünür. Bağça, məktəb, ev, internet, telefon... İdmana, gəzməyə, asudə vaxtını rəngarəng keçirməyə vaxt qalmır, uşaqlar sağlamlıqlarını itirirlər".

"7 yaşımda Xruşşovla görüşdüm"   Uşaqlığı ilə bağlı xatirəsindən silinməyən ən maraqlı hadisə Xruşşovla görüşü olub. 7 yaşında yaşadığı bu hadisəni ən xırda detallarına qədər xatırlayır: "Xruşşov qatarla Azərbaycana səfər edəcəkdi. Biz də məktəbdə idik. 3 nəfər qalstuklu, kostyumlu kişi sinfə daxil oldu. Məni və bir qız sinif yoldaşımı seçib o vaxtkı "villis" maşınlarına mindirib dəmiryol vağzalına apardılar. Biz hələ nə baş verdiyini bilmirdik. Məni ona görə seçmişdilər ki, sinifdə ağ köynək, qara şalvarda bir mən idim. Qız da ağ köynək, qara ətək geyinmişdi. O dövrdə insanların əksəriyyəti kasıb idi, kimin nə paltarı var, onu geyinirdi. Anam səliqə-sahmana çox önəm verdiyi üçün məni məktəbə formada göndərirdi. Xruşşov rayonlara səfər edirdi. Müəyyən yerlərdə qatardan düşürdü. Biz gözləyirdik, Xruşşov gəldi. Gülləri ona təqdim etdik, başımıza sığal çəkdi. Xruşşovla görüşümüz məktəbdə nüfuzumuzu artırdı. Hamı bizi məktəblə şanslı insan kimi təqdim edirdi".   "Elə bil Zevslə salam-əleykimiz olub"   Həmsöhbətimizin valideynləri savadsız olsalar da, hər iki övladları akademik səviyyədə təhsil alıb: "O vaxt bütün məktəblərin girişində bir atribut var idi. Oxumaq, oxumaq, yenə də oxumaq... Sən istəsən də, istəməsən də məktəbə gedəndə mütləq oxumalısan. Məktəb, ailə, cəmiyyət əlbir iş görürdü. Ailə savadsız olsa belə, uşaq bilirdi ki, məktəbə gedirsə, oxumalıdır. Bizim ən böyük qorxumuz valideyn iclasları idi. Səhərə qədər yata bilmirdik ki, müəllim valideynimizə nə deyəcək. İndi hər şey virtuallaşır, onlayn sistemlə həll edilir. O vaxt əsas sima müəllim idi və müəllim şagirdin gələcək taleyində böyük rol oynayırdı. Məsələn, mən tarix müəllimimizi sevdiyim üçün tarixçi oldum. O, dərs deyəndə Herakldan, Zevsdən elə danışırdı ki, ağzı açıq qulaq asırdıq. Elə bil Zevslə salam-əleykimiz olub".


Xəbərə aid fotolar