Qəm və depressiyaya nə səbəb olur?


Digərləri 01 Apr 2018 23:45:00 279 0

Qəm və depressiyaya nə səbəb olur?

Dinimiz qəm mövzusunda müxtəlif tərəflərdən yanaşma sərgiləyir. Əgər bir tərəfdən qəm - insana mənfi təsir edən amillər sırasında göstərilirsə, digər tərəfdən müəyyən növ qəmlər insana xeyir verən kateqoriya olaraq, təqdir edilir.

Öncə, qəmin mənfi təsirlərinə toxunaq.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət İsa Məsih (ə) buyurub: "Çox qəmli olanın bədəni xəstə olar".

İmam Əli (ə) buyurub: "Qəm-kədər - qocalığın yarısıdır".

Yenə İmam Əli (ə) buyurub: "Qəm bədəni əridər".

İmam Sadiqdən (ə) nəql edirlər: "Xəstəliklər bədənin naxoşluğu olduğu kimi, qəm-qüssələr də qəlbin naxoşluğudur".

Bəs qəm gətirən, depressiyaya səbəb olan amillər hansıdır?

Allahın Peyğəmbəri (s) buyurub: "Gözü xalqın əlində olan kəsin qəm-qüssəsi uzun və təəssüfü çox olar". Məlum olur ki, acgözlük və gözügötürməməklik insanı qəm-qüssəyə, depressiyaya salır. İnsan gərək gözütox olsun və firavanlığını kiminsə əlində deyil, öz zəhmət və çalışqanlığında görsün.

Bununla yanaşı, insan ötəri və aldadıcı hisslər ucbatından özünü daimi depressiya vəziyyətinə sala bilir. Rəsuli-Əkrəm  (s) buyurub: "Nə çoxdur özündən sonra uzun qəm-qüssə qoyan bir anlıq keçici istək və ləzzətlər".

Müdafiəsiz insana qarşı qəzəb də insanın qəm-qüssəsinə səbəb olar. İmam Əli (ə) buyurur: "Kim ziyan vurmaq qüdrəti olmadığı şəxsə qəzəblənsə, qəmi uzun olar və özünə əzab vermiş olar".

Həsəd aparmaq da insanı qəm-qüssəyə salan amillərdəndir. Hətta beləsi daima kədərlidir. İmam Əli (ə) buyurub: "Həsəd çəkən şəxs qədər məzluma daha çox oxşayan zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəm-qüssəsi daimidir".

Eyni zamanda, yarıtmaz və keyfiyyətsiz iş görənlər, düşünülməmiş hərəkətlərə rəvac verənlər də özləri üçün depressiyaya yol açırlar. İmam Əli (ə) buyurub: "Əməlində səhlənkarlıq edən qəm-qüssəyə düçar olar".

İnsanın səbirsizliyi də onun başına problemlər gətirir. İmam Əlidən (ə) nəql olunur: "Hövsələsizlik etməkdən çəkin ki, o, ümidi kəsər, əməli zəiflədər və qəm gətirər".

Bəs qəmi aradan aparan hansı amillər var?

İlk öncə, Uca Allaha tapınmaq insanın qəmini aradan aparan amillər sırasında qeyd edilməlidir. Qurani-Kərimdə buyurulur: "Bilin ki, Allahın dostlarına qorxu yoxdur və onlar qəmli olmazlar". ("Yunis" 62)