İmam cavadin (ə) dualarindan nümunələr


Digərləri 01 Apr 2018 21:55:00 281 0

İmam cavadin (ə) dualarindan nümunələr

Şiə məktəbi çox zəngin dua, münacat və ziyarət mədəniyyətinə malikdir ki, islami təriqətlərin heç birində bu qədər dua, münacat və ziyarətnamələr yoxdur. Elə bu da şiə mədəniyyəti və cəmiyyətində dini ixlas, nəfsin saflaşması və paklanmasını gücləndirən şiəliyin mənəvi çöhrəsinin əlamətidir.

Son.az maide.az-a istinadən bildirir ki, şiə imamları arasında duanın çox önəmli və uca yeri vardır. Onlar dua haqqında çox təkid etmiş və bu barədə qiymətli bir irs qoymuşlar. İmam Cavad (ə) öz proqramında dua və münacata çox əhəmiyyət vermiş, şiələri tərbiyə etməkdə, şiə mədəniyyət və təlimləri ilə tanış etməkdə dua və münacat qəliblərindən geniş surətdə istifadə etmişdir. Bu dualarda Allahla raz-niyaz etməklə yanaşı, bəzi siyasi-ictimai məsələlərə də müxtəlif şəkillərdə işarə olunmuşdur. Elə bu işarələr şiənin siyasi həyatında çox təsirli olmuş və nizamlı olaraq bəzi xüsusi məfhumları cəmiyyətə təlqin etmişdi. Həm də mam Cavadın (ə) duaları mənəvi həyatının bir hissəsini təşkil edirdi. O həzrət dualarında belə deyir:

1. İmam (ə) bu duada Allah-Taalaya həmd-səna deyir, sədaqətlə Ona üz tutub əzəməti qarşısında baş əyrərək deyir:

Ey oxşarı və tayı-bərabəri olmayan! Sən, Səndən başqa bir tanrı olmayan Allahsan. Təkcə yaradan Sənsən. Yaranmışları fani edənsən, özün isə əbədisən. Sənə qarşı üsyan edənlə mülayim davranırsan. Çünki məğfirət və bağışlamaq istəyirsən. ("Əyanuş-şiə", c.2, səh.245.)

2. Aşağıdakı dua imam Cavadın (ə) siyasi dualarından biridir. Bu duada zəmanəsinin hakimləri tərəfindən o həzrətə olunan zülm və cəfaları yad edir. Duada deyilir:

"Ey mənim Rəbbim! Yer üzündə bəndələrinin zülmü elə yayılmışdır ki, ədaləti öldürmüş, hidayət yollarını kəsmiş, haqqı yox etmiş, doğruluğu batil etmiş, yaxşılığı gizlətmiş, pisliyi aşkar, təqvani əhəmiyyətsiz və hidayəti məhv etmiş, xeyir və yaxşılığı uzaqlaşdırmış, zərər və ziyanı isə möhkəmləndirmişdir. Fəsadı yaymış, inadkarlığı gücləndirmiş, haqsızlığı genişləndirmiş, tərəqqinin qarşısını isə almışdır. İlahi, ey mənim Rəbbim! Yalnız Sənin qüdrətin buna son qoya bilər, yalnız Sənin yardımın buna çarə qıla bilər.

Ey mənim Rəbbim! Zülmü məğlub et, haqsızlıq yuvalarını dağıt, pislik bazarını bağla, pisliyə qarşı çıxana qüdrət ver. Zülm əhlinin kökünü kəs. Onları bu xüsusiyyətdən çəkindirib tövbə libasına bürü. Tezliklə onlara düşüncə və ibrət dərsləri ver. Bütün pisliklərin həyatını söndür ki, qorxu keçirən əmin-amanlıqda olsun, həsrət çəkən təskinlik tapsın, qarnı ac olan tox olsun, qərib və yoxsul adam hifz olunsun, köçkün sığınacaq tapsın, qovulmuş öz yurduna qayıtsın, kasıb varlansın, sığınacaq axtaran sığınacaq tapsın, böyüyə hörmət və kiçiyə rəhm olunsun, məzlum əziz, zalım isə xar olsun. Qəm-qüssə çəkənin kədərinə son qoyulsun, zəiflik aradan qalxsın, avamlar rahatlıq tapsın, ixtilafa son qoyulsun, birlik və vəhdət yaransın, elmin dəyəri ucalsın, sülh hər tərəfə yayılsın, ayrıseçkiliklərə son qoyulsun, iman güclənsin və Quran oxunsun. Həqiqətən, Sən qalibsən, hakimsən, nemət verənsən və minnət qoyansan." ("Əs-səhifətur-Rəzəviyyə", səh.127-128.)

Bu dua, İslam aləmini öz tarlasına çevirmiş, ümmətin iqtisadiyyatını şəhvətlərinə, istəklərinə və kef məclislərinə qurban etmiş, insanlar arasında fəsad, əxlaqsızlıq və quldurluğu yaymış və İslamla heç bir əlaqəsi olmayan Abbasi hakimlərinin çirkin siyasətinin nəticəsi olaraq hər tərəfi bürümüş zülm, cəfa və haqsızlıqdan söz açır.