"Bizi ac saxlayırdılar, dövlət geyim versə də, onu vermirdilər"


Digərləri 01 Apr 2018 20:33:00 309 0

"Bizi ac saxlayırdılar, dövlət geyim versə də, onu vermirdilər"

"1993-94-cü illərdə çox kasıbçılıq, qıtlıq idi. Yarı qarnı ac, yarı qarnı tox böyüyürdük"

Son.az Sputnik Azərbaycan-a istinadən İradə Cəlilin yazısını təqdim edir

Deyirlər ki, insanın həyatı öz əlindədir. Amma çox zaman bu, deyildiyi kimi olmur. Həyat səni istədiyi səmtə atır. Çarpışsan da, vuruşsan da çıxış yolu tapa bilmirsən. Bəzən səni tənha buraxdıqları üçün səbəbkarları qınayırsan, bəzən də tənhalığına səbəb özünü görürsən.

Elə mənim qəhrəmanım kimi...

31 yaşlı Məhəmməd Əzimov Bilgəh qəsəbəsindəki uşaq evində böyüyüb. İllərin məngənəsində sıxılmış, sıxıldıqca da bərkimiş qəhrəmanımız uşaq evində keçirdiyi günləri belə xatırlayır: "İndi internatların vəziyyəti yaxşıdır. Amma biz olduğumuz 1993-94-cü illərdə çox kasıbçılıq, qıtlıq idi. Yarı qarnı ac, yarı qarnı tox böyüyürdük".

Məhəmməd deyir ki, müəllimlərinin də davranışları heç xoş olmayıb: "Onlar qız uşağı ilə oğlan arasında fərq görmürdülər, döyürdülər. 10 yaşlı qız uşağını kişi müəllimin döyməsi düzgün deyil. Orada isə belə cəzalara göz yumulur, hətta müəllimlər haqlı çıxarılırdı. İnternat illərindən yadımda qalan xoş bir an belə yoxdur".

Qəhrəmanım danışır ki, uşaq evində yuxarı siniflərlə müqayisədə balacaları çox döyürmüşlər. Qorxurmuşlar ki, gedərlər, qayıtmazlar. "Çox döyülmüşəm. Əsasən, azad həyata can atdığıma, oranı tərk etməyə görə döyülürdüm. Amma döyülmək də var, döyülmək. Yuxarı sinif şagirdinin siqaret çəkdiyinə görə döyülməsi, zirzəmiyə atılması, həşəratlar, gəmiricilərlə bir yerə saxlanılması insanlığa xas olan hərəkət deyildi".

"Günlərlə ac saxlayırdılar bizi. Yeməyimizdən də kəsirdilər. Dövlətin bizim üçün ayırdığı payın yarıdan azını bizə verirdilər. Qalanı satılırdı. Geyimlərimizi də dövlət versə də, cırıq-sökük, köhnə geyimlərlə gəzirdik. Anbarlar geyimlə dolub daşırdı. Amma bizə verilmirdir", - deyən Məhəmməd o əzablı günləri köks ötürərək xatırlayır.

Qəhrəmanım 2003-cü ildə internatı bitirib, işləməyə başlayıb. 2007-ci ildə hərbi xidmətə yollanana qədər kirayə yaşayıb. Hərbi xidmətini isə döyüş bölgəsində - Xocavənd rayonunda keçib. Hərbi xidməti başa vurduqdan sonra qayıdıb və yenidən işləməyə başlayıb.


Xəbərə aid fotolar