İlk uşaq kanalı “ARB Günəş” 3 yaşını qeyd edir


Digərləri 01 Apr 2018 18:13:00 268 0

İlk uşaq kanalı “ARB Günəş” 3 yaşını qeyd edir

Bu gün ölkənin ilk uşaq kanalı "ARB Günəş"in 3 yaşı tamam olur. Telekanal 1 aprel 2015-ci il tarixində fəaliyyətə başlayıb. "ARB Günəş" efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Televiziyanın efirində yayımlanan tərbiyəvi və maarifləndirici proqramlar vasitəsilə uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, sağlam həyat vərdişləri öyrədilir. "ARB Günəş"in istehsalı olan "Biz gələcəyik", "Mən məktəbli ikən", "Xəbərdar ol", "Bizim həyət", eləcə də "ARB Media Qrup"a daxil olan digər telekanallarla, Bakı Dövlət Universitetinin tədris teleradio studiyası və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil TV ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn "Dostlar", "Qiraətçi" və "Məktəblilər üçün oxu" verilişləri tamaşaçıların böyük rəğbətini qazanıb. "ARB Günəş" azyaşlı izləyicilərə azərbaycan dilində cizgi filmləri təqdim edir. Yaxın zamanda televiziyada yeni istehsal edilən cizgi filmlərini azərbaycan dilində uşaqlara təqdim etmək məqsədi ilə dublyaj studiyası fəaliyyətə başlayacaq. Telekanal təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrə imza atıb. "ARB Günəş", "Onlar uşaqlığını yaşaya bilmir" adı altında cəbhə bölgəsində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb. Televiziya ənənəvi olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" adlı aksiya təşkil edir. İstanbulda keçirilən V və VI "Beynəlxalq uşaq mediası konfransı"nda  ölkəmizi  "ARB Günəş" təmsil edib. "Azerspace 1" peyki vasitəsilə yayımını həyata keçirən "ARB Günəş"in kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür. Hazırda televiziyanın texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işlər davam etdirir. Milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən  yayım həyata keçirən "ARB Günəş" gələcəkdə maarifləndirici verilişlərin sayını artırmaqla bir sıra yeni layihələrə də imza atacaq.