Bolqarıstanda Qara Qarayevin 100 illik yubileyi qeyd edilib


Digərləri 01 Apr 2018 05:58:16 161 0

Bolqarıstanda Qara Qarayevin 100 illik yubileyi qeyd edilib

Fotosərgi aprelin 10-dək davam edəcək

Bolqarıstanın Ruse şəhərində yerləşən Rəsm Qalereyasında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd edilib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi və Azərbaycanın Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Mart musiqisi günləri” beynəlxalq festivalı çərçivəsində “Qara Qarayev-100” fotosərgisinin açılışı olub.

Dövlət muzeyinin zəngin kolleksiyası əsasında hazırlanan sərgini ziyarət edən sənətsevərlər görkəmli bəstəkarın ömür yolundan bəhs edən şəkillərlə yaxından tanış olublar.

Fotosərgi aprelin 10-dək davam edəcək. Tədbirin açılış mərasimində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Ruse şəhər Rəsm Qalereyasının direktoru Yelena Velikova iştirak ediblər.

Azərbaycan prezidenti İlham Əliyev ötən ilin oktyabrında Q.Qarayevin 100 illik yubileyilə bağlı sərəncam imzalayıb.