Siyasətimizin "radikal"larına "Məhsul"da


Siyasət 31 Mar 2018 22:36:00 224 0

Siyasətimizin "radikal"larına "Məhsul"da

Onlar avtomatlaşdırılmış "nəzir qutusu", yaxud makina kimidirlər

Onlar avtomatlaşdırılmış "nəzir qutusu", yaxud makina kimidirlər

Özünü müxalifət adlandıran dağıdıcı qrupun martın 31-də keçirilən mitinqi onların seçkiləri boykot etmədiyini, əksinə, özlərinin boykot olunduğunu göstərdi. Siyasətimizin "radikal" oyunçularına "Məhsul" stadionunda növbəti dəfə qırmızı kart göstərildi.

Bu barədə Son.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli bildirib. 

Onun sözlərinə görə, Azərbaycana düşmən kəsilən qüvvələri narahat edən təkcə seçki öncəsi vəziyyətin sabitliyi deyil, həm də seçkilərin onların gözləmədiyi bir zaman kəsiyində keçirilməsidir: "Növbədənkənar seçkilərin elan olunması payızadək ölkəmizə qarşı total təxribat kampaniyası layihələri hazırlayanların bütün planlarını pozdu, seytnot vəziyyətində düşdülər. Bu qüvvələrin bütün əxlaq normalarını, bəşəri dəyərləri ayaq altına ataraq misli görünməmiş aqressiya və kin püskürmələri də buradan qaynaqlanır. Planlar baş tutmayıb, bu planlar üçün ayrılacaq vəsaitlər əldən çıxıb.

"Milli Şura" adlanan qrupun yönü-yöndəmi yoxdur. Onlar istifadəyə hazır avtomatlaşdırılmış "nəzir qutusu", yaxud makina kimidirlər. Kim bu makinanın "dəliyinə" "qəpik" salırsa, ona çəpik çalırlar, yəni işləyirlər. 2013-cü ildə bu dəliyə şimaldan və cənubdan "qəpik" salınırdı, indi həm şimaldan, həm qərbdən, həm də cənubdan salınır. Ola bilsin ki, mövcud vəziyyətə uyğun olaraq qutuların da, "dəlik"lərin də sayı artıb. 2001-ci ilin sonlarından, 2002-ci ilin əvvəllərindən başlayaraq Azərbaycanın müxalifət düşərgəsində ideloji prinsiplərin, siyasi sitemin və ölkənin gələcəyinə baxışların rakursu dəyişib. Məhz bu proses də ciddi silkələnmələrə, parçalanmalara səbəb olub. Azərbaycanın istiqlalını, müstəqilliyinin əbədi olmasını istəyən çoxluq bu düşərgəni tərk edərək öz təşkilatlarını yaradıblar. Yerdə qalanların əksəriyyəti isə ideoloji prinsiplərinə xəyanət edən, dönük çıxanlardır. Bizim bəzən "radikal" adlandırdığımız bu müxalif azlıq üçün dəyər, ölçü, ideya anlayışı yoxdur. Onları yalnız korporativ maraqları və çoxilllik uğursuzluqlarına görə qisas almaq ehtirası dayanır. Belə olmasaydı, onlar Azərbaycanın konstutision quruluşunu dəyişmək istəyən, dünyəvi dövlətçiliyə qarşı olan potensial dini ekstremist qüvvələrlə əməkdaşlıq etməzdilər. Demokratik cəmiyyətdən dəm vuran birilərinin demokratiyanın, insanlığın ən böyük düşmənləri ilə işbirliyi siyasi əqidəsizliyin, prinsipsizliyin ən son həddidir. Deməli onların demokratiya və insan haqları ilə bağlı söylədikləri maskadan başqa bir şey deyil. Bu maskanın altında isə feodal təfəkkürlü, potensial ekstrimist, terrorçu naturası dayanır".

E.Mirzəbəyli hesab edir ki, bu iki qeyri-konstruktiv, ekstremizmə meylli qrupların bir araya gəlməsi Azərbaycana heç nə vəd etmir: "Çünki bu adamların Azərbaycana heç bir aidiyyatı yoxdur. Özlərinə isə siyasi səhnədən tamamilə silinmək perspektivi vəd edir. Azərbaycanın isə sahibi onun müstəqilliyini göz-bəbəyi kimi qoruyan Azərbaycan xalqı və dövlətidir. Təbii ki, bütün bunlar arxayınlaşmaq üçün əsas deyil. Müstəqilliyi, sabitliyi, təhlükəsiliyi kənardan müşahidə etməklə sevmək əm yaxşı halda məsuliyyətsizlikdir. Hər birimiz ayıq-sayıq olmalı, xarakter və prinsipial mövqe nümayiş etdirməliyik".

Ekspert "Milli Şura" mitinqi niyə məhz 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə təyin etməsi ilə də bağlı fikirlərini bildirib: "Sağlam düşüncə ilə bunu izah etmək mümkün deyil. Lakin onların kontekstindən bu məsələyə yanaşanda fərqli mənzərə ortaya çıxa bilər. Məsələn, hesab edə bilərlər ki, Azərbaycanda və ölkədən xaricdə yaşayan azərbaycanlılar siyasi baxışlarından asılı olmayaraq, soyqırım günü vahid mövqedən çıxış edir, Ermənistana, ermənilərə qarşı aksiyalar, tədbirlər keçirirlər. Ermənistana qarşı tədbirlərin həyata keçirildiyi bir gündə bu tədbirləri koordinasiya edən, Ermənistana, erməni lobbisi və diasporuna savaş açan hakimiyyəti ittiham etmək üçün Azərbaycanda aksiya keçirmək işğalçı ölkəyə və onun himayəçilərinə yarınmaqdan başqa bir şey deyil".

Partiya sədrinin müavini hesab edir ki, "Milli Şura" və onun ətrafındakıların seçkilərə qatılmaması onların gücsüzlüyünün əlamətidir: "Onların "gücü" keçirdikləri aksiyalarda da görünür. 500-600 nəfər gücdürsə, Azərbaycan dövlətini və dövlətçiliyini müdafiə edən milyonlar kimdir? Seçkilərə qatılmamaq isə əslində, gücsüzlüyün əlamətidir. Çünki seçki siyasi baxışların, platformaların ictimaiyyətə çatdırılması üçün geniş imkanlar açır. Prezidentliyə namizədlərə ödənişsiz efir vaxtı verilir, görüşlərin keçirilməsi üçün yerlər ayrılır. Bu adamlar seçkilərə qatılmamaqla bütün ölkə üzrə təbliğat aparmaqdan imtina edirlər və hər dəfə eyni iştirakçılarla və eyni məkana sığınırlar. Bu isə həmin qrupun seçkilərə nə üçün qatılmadıqlarının səbəbini ortaya qoyur. Yəni bu adamlar seçki çərçivəsində ölkənin ayrı-ayrı bölgələrində görüş keçirsəydilər, o zaman "Məhsul" stationuna yığdıqları adamları da ora aparmalıydılar. Təsəvvür edin, telekanallar Bakıda, Gəncədə, Sumqayıtda, Lənkəranda və digər yerlərdə keçirilən görüşlərdə eyni insanların iştirak etdiyini görüntüləyir. Ötən seçkilərdə artıq belə biabırçılığı yaşayıblar".

Məmməd Hüseynov Son.az