“Kişi peşəsi”ndə işləyən Arzu Babazadə:


Digərləri 31 Mar 2018 22:24:00 1258 0

“Kişi peşəsi”ndə işləyən Arzu Babazadə:

Arzu Kürsüm Babazadə: "Xanım təlimçi tanıyıram ki, öz övladı piyada keçidindən keçmir"

Azərbaycanda son zamanlar avtomobil təlimçilərinin sayı günü-gündən çoxalır. Kim təlimçi olmaq istəyirsə, asan şəkildə sənədlərini düzəldib təsdiqlədir, daha sonra avtomobilinin arxasına təlim maşını işarəsini yapışdırır. Bununla da yeni sürücü olmaq istəyən insanlara təlim keçməyə başlayır. Təbii ki, ucuz qiymətə olan bu təlimlər çox insanı cəlb edir. Həmin dərslərin keyfiyyətini isə sürücülərin yol hərəkəti qaydalarına necə əməl etməsindən, daha dəqiq desək, qaydaları "çeynəməsindən" görmək mümkündür.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  10 ildən çoxdur avtomobil təlimçisi kimi çalışan, Almaniya və Türkiyədə təlim kursları keçmiş Arzu Kürsüm Babazadə bu sahənin hazırkı səviyyəsi haqqında danışıb.

- Bir avtomobil təlimçisi kimi, Azərbaycanda bu sənət sahiblərindən razısınız?

- Aqil Rəhimovu çıxmaq şərti ilə, Azərbaycanda başqa təlimçiləri bəyənmirəm. Onlar ciddi tədris etməkdən çox, çörək pulu qazanmağa çalışırlar. Təlimçilər heç öz üzərilərində işləmirlər, "mən hər şeyi bilirəm" prinsipi ilə tədrisi davam etdirirlər. Bu da müxtəlif problemlərə səbəb olur. Bir də təlim sektorundakılar ancaq qiymətlə rəqabətə girirlər, keyfiyyətlə yox. Həmçinin təlim müəllimlərinə nəzarət edən qurum da yoxdur. Ona görə də, kim istəyirsə, təlimçi olur. Xanım təlimçi tanıyıram ki, öz övladı piyada keçidindən keçmir.

- Sizin keçdiyiniz təlimlər digərlərindən nəylə fərqlənir?

- Mən Almaniyada, Türkiyədə bu sahə üzrə xüsusi kurslar keçmişəm. Hazırda da öz üzərimdə işləyirəm. 20 ildən artıqdır avtomobil idarə edirəm. Məqsədim də Azərbaycanda daha savadlı sürücülər yetişdirməkdir. Mənim vicdanım var, aldığım pula görə iş görməliyəm.

- Şəhərdə son illər kifayət qədər xanım təlimçilər də var. Onların təlim keçməsinə münasibətiniz necədir?

- Mən Azərbaycanda təlim keçən heç bir qadın təlimçini qəbul etmirəm. Onlar nəinki təlimçi kimi yaxşı deyillər, hətta bəzi kişi təlimçilər kimi onlar da yollara canlı "bomba" hazırlayırlar. Yəni onlar özləri qayda pozduqları halda, tələbələrinə bu qayda ilə hərəkət etməyi öyrədirlər. Yol nişanlarına məhəl qoymurlar, zolaqları pozurlar və s.

- Tələbə neçə dərsə praktikanı tamamlayır?

- Tələbədən asılıdır. Oğlanlar uşaq vaxtından atalarından və qohumlarından avtomobillə bağlı özlərinə lazım olan məlumatları "oğurladıqları" üçün onlar 10-12 dərsə öyrənirlər. Xanımlar var ki, 15-20 dərsə, orta yaşlı xanımlar isə 30-35 dərsə hazır ola bilir. Tam hazır olmasalar, mən onlara yola çıxmağa icazə vermirəm. Yola təhlükə göndərə bilmərəm. Belə bir deyim var: "Sən yola təhlükə göndərirsən, bilməlisən ki, sabah o təhlükə səni də tapa bilər". Elə tələbələr olur ki, qaz və tormoz pedallarının yerini bilmir. Belə tələbələri yollara hazır etmək, təbii ki, vaxt alır.


Xəbərə aid fotolar