"Toy prezidenti": Ermənistanda prezidentliyin "şizik"dən "fizikə" təhvil verilməsi


Dünya 31 Mar 2018 16:18:00 327 0

"Toy prezidenti": Ermənistanda prezidentliyin "şizik"dən "fizikə" təhvil verilməsi

Ermənilər növbəti dəfə seçki şousu göstərdilər. Konstitusiyada edilən dəyişikliyə görə, artıq ölkə parlament üsul-idarəsinə keçir.

Son.az newtimes.az-a istinadən xəbər verir ki,bu səbəbdən prezident real idarəetmə imkanlarını itirir. Ermənistan Respublika Partiyası və daşnakların təqdimatı ilə parlament yeni prezidenti seçib. O, 105 səsdən 90-nını alan keçmiş səfir, ixtisasca fizik olan, Avropa və Rusiyada geniş biznes şəbəkəsinə malik Armen Sarkisyandır. Ermənistan KİV-i bu adamın erməni diasporu ilə sıx bağlılığının olduğunu vurğulayır. Serj Sarkisyanın məhz belə bir fiqura üstünlük verməsini bununla izah edirlər. Gözlənilir ki, A.Sarkisyan son zamanlar Ermənistana yardımları azaldan diaspor təşkilatlarını yola gətirə biləcək, İrəvana diasporun daha çox dəstək verməsinə nail olacaq. Lakin bu, baş tutsa belə, bir sıra analitiklər bunun Ermənistan dövlətçiliyi üçün ciddi müsbət təsirinin olmayacağını, əksinə, ermənilərin bununla özlərinin müstəqil olmaq imkanlarını daha da məhdudlaşdıracaqlarını proqnozlaşdırırlar. Bu fikirlər kontekstində Ermənistanda yeni prezidentin seçilməsi hadisəsinin Cənubi Qafqazın geosiyasi dinamikasına mümkün təsirləri üzərində dayanmağa ehtiyac gördük.

Şəxsi maraqların əsirliyində: erməni iqtidarının mahiyyəti dəyişmir

Serj Sarkisyan prezidentliyi müddətində dövlət idarəçiliyini bərbad vəziyyətə salmış adam kimi yadda qaldı. Nə daxili, nə də xarici siyasətdə prinsipial olaraq müsbət qarşılanan addım atmadı. Bu barədə erməni ekspertlərin özləri belə yazırlar. O cümlədən S.Sarkisyanı Uinston Çörçill və Şarl dö Qolla müqayisə edən Eduard Şarmazanov da gülüş obyektinə çevrilib. İnsanlar sual edirlər ki, hansı keyfiyyətlərinə və əməllərinə görə S.Sarkisyanı Çörçill və dö Qolla müqayisə etmək olar?

Məsələn, erməni mətbuatı vurğulayır ki, Çörçill və dö Qoll dünya miqyasında situasiyanı dəyişən işlər görüblər. Dö Qoll Fransanı işğaldan azad edib və dünyanın söz sahiblərindən biri statusuna yüksəldib, Çörçill fəaliyyəti dövründə Böyük Britaniya üçün olduqca mühüm işlərə imza atıb. Onu indi də dünyanın ən böyük siyasətçilərindən biri hesab edirlər. Bunların fonunda sual edirlər: "Bəs S.Sarkisyanın baqajında nələr var? Erməni-türk protokolları ləğv edilib, Qarabağ münaqişəsi həll edilməyib, Ermənistan regionun maliyyə, texnoloji, nəqliyyat və başqa mərkəzləri ola bilmədi" (bax: Наира Айрумян. Кто упорно толкает Сержа Саркисяна в "яму" Черчилля и де Голля / Lragir.am, 6 mart 2018).

Doğrudan da, o qədər gülünc müqayisədir ki, onu ciddi analiz obyektinə çevirmək belə risklidir. Lakin Ermənistanda yeni prezidentin seçilməsi prosedurunun daxili məntiqinə nüfuz etmək baxımından nəzərə alınmalı faktlardır. Məsələ ondan ibarətdir ki, ermənilərin yeni sistemə keçməsinin özünün süni və qondarma bir proses olduğu haqqında fikirlər səsləndirilir, faktlar gətirilir. Belə ki, bütün oyunu S.Sarkisyanın özünün qurduğu və əsas məqsədinin hakimiyyətdə qalmaqdan ibarət olduğu bildirilir.

Bunun üçün S.Sarkisyan A.Sarkisyanın namizədliyini irəli sürüb. Onların yalnız soyadları eynidir, heç bir qohumluqları yoxdur. Həm də S.Sarkisyanı Ermənistanda daha çox "şizik" kimi, A.Sarkisyanı isə "fizik" kimi tanıyırlar. İndi zarafat edirlər ki, Ermənistanda "şizik" prezident kürsüsünü "fizik"ə hədiyyə etdi. İndiki prezident Kembricdə elm adamı kimi çalışıb, Böyük Britaniyada və bir neçə başqa Avropa ölkəsində səfir işləyib. Onun Rusiyada geniş biznesinin olduğu da vurğulanır. Biznesdə ilk addımını isə Avropada atıb. Özünün dediyinə görə, "üç həyatı" olub. Birinci həyatı sovet alimliyi, ikincisi Kembricdə çalışması, üçüncüsü isə siyasət aləminə qatılmasıdır (bax: Константин Фрумкин. Три жизни Армена Саркисяна / Scandaly.ru, 14 avqust 2013).

Sarkisyanın gedişi: hakimiyyətdə qalmağın növbəti şousu

Armen Sarkisyan siyasətə keçmiş prezident Levon Ter-Petrosyanın təkidi ilə gəlib. Ondan Böyük Britaniyada erməni səfirliyinin açılmasına kömək etməyi xahiş ediblər. Nəticədə, A.Sarkisyanın özünün dediyi kimi, "sağ ol" demək əvəzinə səfir təyin ediblər. Lakin o, uzun müddət bu işdə qala bilməyib. Sonra Ermənistana baş nazir təyin edilib. Cəmi bir il bu vəzifədə işləyib və xərçəngə tutulduğuna görə istefa edib. Özünün müalicəsi ilə məşğul olacağını deyib. Ancaq faktlar göstərir ki, burada Ermənistanın ovaxtkı müdafiə naziri (o da tərslikdən Sarkisyandır) öz otağında A.Sarkisyanı əməllicə döyübmüş. Məhz bundan sonra A.Sarkisyan ölkəni tərk edib.