"REAL" hərəkatından "Milli Şura"ya politologiya dərsi


Siyasət 31 Mar 2018 15:00:00 359 0

"REAL" hərəkatından "Milli Şura"ya politologiya dərsi

Erkin Qədirli qarşı tərəfin iddialarını alt-üst etdi

Son.az SİA-ya istinadən yazını təqdim edir.

Hələ 2013-cü ilin prezident seçkiləri ərəfəsində kifayət qədər qalmaqallı və ziddiyyətlər fonunda yaradılan, eləcə də, Rusiyanın qaranlıq siyasi dairələri tərəfindən təsis edilən "Milli Şura" bu gün də milli-dövlətçilik ənənələrini pozaraq, bir sıra xarici dairələrin təlimatlarını həyata keçirir. Adıçəkilən qurumun başında oturan AXCP sədri Əli Kərimlinin, onun idarə etdiyi Cəmil Həsənlinin və s. "başbilənlərin" zamanında Rusiyada fəaliyyət göstərmiş "Milyarderlər İttifaqı" deyilən təşkilatın maliyyəsi ilə "siyasət" yürütmələri barədə də kifayət qədər faktlar, dəlillər və sübutlar ortadadır.

Son günlər bu kimi real və danılmaz faktları üzərlərindən atmağa cəhdlər göstərən "Milli Şura" təmsilçiləri öz fonlarında "milli təəssübkeş" amilini formalaşdırmaqdan ötrü, çirkablarını hakimiyyətin üzərinə atmağa, bununla, özlərini "təmizə" çıxarmağa səy göstərirlər. Misal üçün, AXCP sədri Ə.Kərimli Azərbaycan hakimiyyətini guya "rusiyayönümlü" olduğunu zorla ictimai rəyə sırımağa çalışır, C.Həsənli heç bir əsasa söykənməyən "tarixi" cəfəngiyyatlarını "təhlil" edərək, bənzər motivlərə toxunur. Ancaq onların sözügedən iddiaları, bilavasitə müxalifət düşərgəsinin digər cinahında olan, habelə, mitinq çağırışlarını rədd edən "REAL" rəsmisi Erkin Qədirli tərəfindən alt-üst edilib. "Facebook" sosial şəbəkəsində sözügedən iddiaları onlara politologiya dərsi verməklə dağıdan E.Qədirlinin bəzi fikirlərinə diqqət yetirək. E.Qədirlinin yazdığına görə, ölkəmizin mövcud iqtidarının guya rusiyayönümlü olduğunu söyləyənlərdən nədən belə düşündüklərini soruşanda, bir qayda olaraq, buradakı hökumətin Rusiya hökumətinin Rusiyada etdiklərini təkrarladığını deyirlər. "Amma bunun açması "rusiyayönümlülük" deyil, bunun başqa izahı var"-deyə yazan "REAL" hərəkatının rəsmisi bu izahı belə təqdim edir: "Bölgə davranışı" (regional behavior) yanaşması deyilən ifadə var. Bu yanaşmaya görə, qonşu dövlətlər, bir-birinin iç işlərinə birbaşa qarışmadan da bir-birinə qarşılıqlı təsir göstərə bilirlər".

E.Qədirli şərhinin davamında bu arqumentlər gətirərək deyib: "Azərbaycanın indiki hökumətinin davranışlarında Rusiyaya oxşarlıq rusiyayönümlülük kimi yozulmamalıdır. Bu, bir bölgə davranışıdır. Rusiyayönümlülüyün olmadığını aydın göstərən örnəklər var".

"REAL"-çı buna misal kimi Azərbaycanın Rusiyanın başçılıq etdiyi KTMT, Gömrük və Avrasiya birlikləri kimi qurumlara üzvü olmadığını, ölkəmizin bazarına Rusiyanın böyük şirkətlərinin və kapitalının yer almadığını, dövlətimizin ərazisində Rusiya qoşunlarının olmadığını, sərhədlərimizin isə öz sərhədçilərimiz tərəfindən mühafizə edildiyini, Qarabağ münaqişəsinin Rusiyanın şərtləri əsasında həllinə gedilmədiyini, Rusiyadan alınan hərbi texnikanın elektron təchizatının burada İsrail mütəxəssislərinin dəstəyi ilə dəyişdirildiyini və s. arqumentləri qeyd edib.

Göründüyü kimi, müəyyən dairələrin sifarişləri əsasında "Milli Şura"nın ucuz iddiaları elə düşərgənin digər cinahında yer alan başqa siyasi qurum -"REAL" tərəfindən məhv edilib. Bu isə, bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, hətta müxalifətin bəlli hissəsində təmsil olunmasına rəğmən, "Milli Şura"nın yanlışlıqlarını bu qurumun "liderlərinin" üzlərinə çırpanlar var və olacaq.

P.S. Belə də ki, "REAL"-çılar "Milli Şura"nın mitinqlərinə qatılmamaq qərarlarını verdiklərinə görə, doğru qərar qəbul ediblər. Bir halda ki, hərəkat təmsilçiləri Ə.Kərimliyə politologiya dərsi keçirlərsə, onun qeyri-məhsuldar və lüzumsuz mitinqlərinə qatılmağa da ehtiyac qalmır.