Bakıda liftdə iki qadına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


Sosial 31 Mar 2018 14:22:17 284 0

Bakıda liftdə iki qadına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin növbəti iclası aprelin 9-da davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda liftdə iki qadına qarşı quldurluq etməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ş.Əlizadə ittiham aktını almadığını deyib. Məhkəmədə ona ittiham aktı verilib.

Həmçinin Ş.Əlizadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Məhkəmənin növbəti iclası aprelin 9-da davam etdiriləcək.

Qeyd edək ki, Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetiriblər.

Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Ş.Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı qeyd edilən cinayətin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Həyata keçirilən əlavə tədbirlə nəticəsində E.Osmanova da saxlanılıb, lakin sonradan sərbəst buraxılıb. O, cinayət işinin istintaq dövründə şahid qismində dindirilib.

Ş.Əlizadə isə özünü təqsirli bilmədiyini deyib. O, E.Osmanova ilə yaxın münasibətlərinin olduğunu etiraf edib. Söyləyib ki, cinayət işində zərərçəkmiş qadınlar E.Osmanovanın rəfiqələridir və hazırda da eyni barda işləyirlər.

Ş.Əlizadə barəsində əvvəlcə Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra bu maddə CM-nin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsinə tövsif edilib.