Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana dəvət olunub


İqtisadiyyat 31 Mar 2018 10:53:14 269 0

Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana dəvət olunub

İqtisadiyyat Nazirliyində Misir səfiri ilə görüş keçirilib

İqtisadiyyat naziri, Azərbaycanla Misir arasında iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Misirin Azərbaycanda yeni təyin olunmuş səfiri Adel İbrahimlə görüşüb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir Misirlə əlaqələrin inkişafına böyük önəm verildiyini, Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyinin məhz Misirdə açıldığılnı, Azərbaycanın Misirlə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib.

Onun sözlərinə görə, bu ilin fevralında Misirin paytaxtı Qahirədə Hökumətlərarası Müştərək Komissiyanın 4-cü iclası keçirilib və ölkələr arasında əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb. Hazırda iki ölkə energetika, ticarət, təhsil, əczaçılıq və s. sahələrdə əməkdaşlıq edir.

Əməkdaşlığın inkişafı üçün potensialı vurğulayan Ş.Mustafayev Misirlə turizm sahəsində əlaqələrinin genişlənməsində birbaşa aviareysin açılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb. O, bildirib ki, Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri, Hökumətlərarası Müştərək Komissiyanın həmsədri xanım Sahar Nasrın Azərbaycana dəvət olunub və səfər çərçivəsində biznes forumun təşkilinin iş adamları arasınada əlaqələrin genişlənməsində əhəmiyyətli olacaq.

Görüşdə nazir Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə səfirə təşəkkür edib.

A.İbrahim ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, Azərbaycanın və Misirin biznes dairələri arasında əlaqələrin genişlənməsində bisnes forum, işgüzar görüş və digər formatlı tədbirlərin önəmini qeyd edib, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə səy göstərəcəyini vurğulayıb.