Ziya Məmmədovun qohumunun pulunu mənimsəyən nəzarətçinin şikayəti əsasında məhkəmə başlayıb


Sosial 31 Mar 2018 09:51:46 283 0

Ziya Məmmədovun qohumunun pulunu mənimsəyən nəzarətçinin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sənan Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib.

Qeyd edək ki, 30 nömrəli marşrut xəttinə nəzarət edən S.Cəfərov "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib.

Marşrut xəttindən gələn gəlirlərin az olduğunu bilən R.Məmmədov hüquq mühafizə orqanlarına müraciət edib. Araşdırma nəticəsində ortada mənimsəmə faktının olduğu aşkarlanıb. S.Məmmədov hüquq mühafizə orqanlarına çağrılaraq saxlanılıb.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda 30 nömrəli marşrut xəttində çalışan 57 sürücünün əmək haqqının verilməməsi ilə bağlı xəbərlər yer almışdı. Bildirilirdi ki, sürücülər bir neçə aydır maaş üzünə həsrət qalıblar. Onlar, ümumilikdə, 100 min manat məbləğində mənimsəmə faktının olduğunu qeyd ediblər.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib

Zərərçəkmiş R.Məmmədovun sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.