Elman Nəsirov: Azərbaycan və İran arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açılır


Digərləri 31 Mar 2018 08:30:00 258 0

Elman Nəsirov: Azərbaycan və İran arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açılır

Azərbaycan və İran arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açılır.

Bakı. Samir Əli - İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin strateji xarakter daşımasından xəbər verir. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, əməkdaşlığın yüksəlməsi hər iki ölkə üçün önəmlidir: "Strateji tərəfdaşlıq özünü onda büruzə verir ki, tərəflər fundamental məsələlərdə bir-birinin mövqeyini müdafiə edir. Azərbaycan üçün ən mühüm və ən fundamental məsələ isə Ermənistanın təcavüzkar və işğal siyasəti ilə bağlı məsələdir. İran bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir və həmin mövqe beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə söykənir. İran bundan fərqli heç bir prinsipi qəbul etmir. Eyni zamanda, Azərbaycan da İranla bağlı məsələləri beynəlxalq təşkilatlarda müdafiə edir və bu da bir daha ikitərəfli münasibətlərimizin müsbət inkişafının göstəricisi ola bilər. Son 4 ildə Azərbaycan və İran prezidentləri 11 dəfə görüşüblər. Bu müddət ərzində Azərbaycan prezidenti 4 dəfə İrana səfər edib. İran prezidenti isə bu müddətdə 3 dəfə Azərbaycanda səfərdə olub. Bu göstəricilər onu deməyə əsas verir ki, iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir". Millət vəkili bildirib ki, İranla Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən nəqliyyat, energetika, turizm, mədəniyyət və humanitar sahələrdə əlaqələr yüksək inkişaf tempinə malikdir: "Turizm sahəsində inkişafın yeni tendensiyası başlayıb. Artıq Azərbaycan tərəfi viza rejiminin verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı qərar qəbul edib. Bu da artıq turistlərin ölkəyə axınını təmin edib. 2017-ci ildə 360 min nəfərdən artıq turist İrandan Azərbaycana gəlib. Bundan başqa, "Şimal-Cənub" dəhlizi layihəsi reallaşdırılır. Layihənin Azərbaycan tərəfi ilə bağlı işlər başa çatdırılıb. İran Prezidentinin Azərbaycana səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı da saziş imzalandı". E.Nəsirov əlavə edib ki, prezidentlərin görüşü Azərbaycan və İran arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin