Çoxsimali Qərb


Siyasət 30 Mar 2018 21:32:00 285 0

Çoxsimali Qərb

Son.az gənc siyasi analitik Cavid Məmmədzadənin "Çoxsimalı Qərb: demokratiya ilə pərdələnmiş" məqaləsini təqdim edir. 

Hər-hansı bir ölkənin siyasi kursunu analiz etməzdən öncə dövlətçiliyin nə olduğunu və həmin dövlətin həyata keçirdiyi siyasi kursun nə kimi nəticələr verə biləcəyi barədə anlayışa malik olmaq vacibdir. Dövlətçilik xüsusi rəmzdir, öz dövlətini, milli huquq sistemini və institutlarını qura bilmiş müəyyən ictimai birliyin inkişaf vəziyyətidir. Bu elmi tərifə suverenlik konsepsiyasını da əlavə etmək vacibdir. Düzdür, suverenliyini itirmiş dövlət ölkə olaraq qalır, amma öz xarici siyasi kursunu sərbəst müəyyənlişdirmə imkanından məhrum olur. Sonuncu isə müstəqil dövlətin əsas funksiyası olduğundan artıq suverenliyini itirmiş ölkə, sadəcə, formal mövcudluğunu davam etdirir.

Suverenliyin təslim edilməsi xarici dövlətlərin başqa ölkənin prezident və parlament seçkilərinə siyasi layihələrin maliyyələşdirilməsi vasitəsi ilə və bununla da həmin ölkənin daxili işlərinə müdaxiləsi yolu ilə baş verir. Bunun acı meyvələrini isə Azərbaycan xalqı artıq dadıb.

İlk növbədə, bu cür layihələr hakimiyyətin siyasi savadı az və yaxud  heç olmayan insanların əlinə düşməsinə gətirib çıxarır. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövr buna bariz nümunə ola bilər. Belə ki, bu dövrdə dərin siyasi və iqtisadi böhran keçirən ölkə vətəndaş müharibəsi astanasında idi. Xalq Cəbhəsinin uğursuz daxili siyasətindən başqa xarici siyasəti də iflasa uğradı. Qarabağ müharibəsi fonunda, AXC hakimiyyəti zamanı qonşu İrana qarşı ərazi iddiası çağırışları edildi, uzaqda olan Çin dövləti ilə isə orada yaşayan uyğurlarla bağlı münasibət pozuldu. Yeri gəlmişkən, bu gün həmin insanlar hakimiyyət uğrunda mübarizə aparmağa cəhdlər etsələr də, Azərbaycan xalqı onların zamanının keçdiyini çoxdan anlayıb.

İkinci mənfi amil və xaricdən maliyyələşdirmənin məqsədi ölkənin xarici siyasi kursunu dəyişdirməkdir. Azərbaycanın coğrafi vəziyyəti mürəkkəb olduğundan onun üçün bu cür dəyişiklik fəlakət xarakteri daşıyır. Respublikamızın ətrafında əsas nüvə qüvvələrindən biri olan Rusiya və regional qüvvələr olan İran və Türkiyə yerləşir. Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşu dövlətlər ilə sülh və əmin-amanlıq prinsiplərınə əsaslanmış münasibətlər qurub.

Azərbaycanın ən yaxın müttəfiqi, təbii ki, qardaş Türkiyədir, Rusiya ilə münasibət strateji xarakterlidir, İranla isə tarixi və mədəni bağlılığı möhkəmdir. Bu o deməkdir ki, adı çəkilən dövlətlərin və əlavə olaraq ABŞ, Birləşmiş Krallıq və Avropa İttifaqı ölkələrinin burada müəyyən maraqları var. Sonuncuların marağı əsasən neft-qaz müqavilələrində öz əksini tapır.

Regionun belə zəngin olmasına və fərqli dövlətlərin maraqlarının toqquşmasına baxmayaraq, Azərbaycan öz xarici siyasətini müstəqil şəkildə müəyyən edir. Müharibə ilə uçuruma yuvarlanmiş Yaxın Şərq ölkələri ilə müqayisədə Cənubi Qafqaz regionunun sabitliyinin qarantına çevrilmiş Azərbaycan göz önündərir. Cənubi Qafqaz regionunda sabitliyin saxlanmasına səbəb isə prezident İlham Əliyevin maraqlar balansını qorumasıdır. Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmır, əksinə qonşu dövlətlərlə əməkdaşlıq edir, regional layihələrdə iştirak edir və nəinki öz təhlükəsizliyini, eləcə də bütün bölgənin təhlükəsizliyini möhkəmləndirir. Hər dövlətlə əməkdaşlıq üçün xüsusi və praqmatik yanaşmanın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Üçüncü faktor isə Qərb siyasi modelinin özünü doğrultmamasıdır. Hazırda Ukraynada yaranan siyasi durum Qərbin bu olkənin daxili işlərinə müdaxiləsi və orada öz siyasi modelini tədbiğ etməsinin nəticəsidir. Bununla da ölkə, demək olar ki, öz tarixində ən pərişan halını yaşayır. İlk olaraq Krımı itirən Ukrayna dövləti daha sonra Donbas və Luqansk regionlarında hərbi münaqişəyə çevrilmiş ərazi böhranı ilə üzləşir. Ölkənin qərbində isə vaxtılə Sovet hökuməti tərəfindən qarşısı alınmış ultra-milliyyətçi Sağ Sektor aktivləşdi. Yaranmış vəziyyət müxtəlif siyasi mərkəzlərin hakimiyyət uğrunda mübarizəsinə çevrildi, hansına ki hətta Gürcustanın sabiq prezidenti Mixail Saakaşvili də qatılıb.

Başqa sözlə desək, Qərb modeli Ukraynanı dərin siyasi, iqtisadi, hərbi və ərazi böhranına gətirib çixardı. "Demokratiyanın qələbəsinə" dair digər misallar hazırda mütləq xaosun hökm sürdüyü Yaxın Şərq ölkələri ola bilər. "Ərəb baharını" yaşamış ölkələrin yeni hakimiyyətlərinin vəziyyəti nəzarətdə saxlamaq və potensial təhlükəni vaxtında neytrallaşdırmaq iqtidarında olmamaları radikal elementlərin güclənməsinə gətirib çıxarıb ki, bu da öz növbəsində dini məzhəblər, təriqətlər arasında müharibələrin və bütün dünya üçün təhlükə yaradan İŞİD terror dövlətinin yaranmasına səbəb olub. Liberalizmin Yaxın Şərqdə yayılması qan tökülməsi, yüz minlərlə insan təlafatı, şəhərlərin dağıdılması və xaraba qalması ilə nəticələnib.

Hazırda Azərbaycanda ölkəni müstəqillikdən məhrum etmək yolu ilə formal mövcudluq səviyyəsinə çatdırmağa çalışan qüvvələr mövcuddur. Lakin prezident institutu bu cür təhlükələrə vaxtında reaksiya verəcək dərəcədə güclüdür. Bundan başqa, prezidentin həyata keçirdiyi multikulturalizm siyasəti və Azərbaycanın ənənəvi tolerantlığı müxtəlif xalqların və dinlərin dinc yanaşı yaşamasına yol verir. Yuxarıda adı çəkilən regionlarda milli və dini ədavətin hökm sürdüyü halda, Azərbaycanda müsəlman, xristian və yəhudilər arasında qarışıq ailələr qurulur. Bu da, öz növbəsində, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına yönəlmiş siyasi kursun nəticəsidir.

Və nəhayət, ikili standartlar Qərbə inamı öldürüb. Son zamanlar Azərbaycan ölkədə söz və insan hüquqları azadlığı ilə bağlı vəziyyəti tənqid edən Avropa və Amerika institutlarının analitik məruzələri ilə qarşılaşır. Lakin insan hüqüqlarının müdafiəçiləri və ekspertlərinə Ermənistan və Dağlıq Qarabağda doğma evlərindən didərgin salınmış bir milyon azərbaycanlının hüququnun pozulmasını da xatırlatmaq pis olmaz. Beynəlxalq təşkilatlar bu mövzuda mühazirələr hazirlamır, konfranslar keçirmir. Bundan başqa, Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistan Silahlı Qüvvələrinin çıxarılması haqda BMT-nin 4 Qətnaməsini yerinə yetirilməməsi ilə bağlı Ermənistana heç bir təzyiq göstərilmir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin, eyni zamanda, Vaşınqtonda Amerika konqressmenləri ilə Ermənistan daxil olmaqla heç bir dünya dövlətinin tanımadığı qondarma "Dağlıq Qarabağ Respublikasının" lideri ilə görüşünü də mümkün sayır. 

Öz ölkələrində ikili standartlar problemini həll etmək əvəzinə Avropa və ABŞ burada yaşayan fəalların köməyi ilə Azərbaycan haqqında neqativ fikrin formalaşmasına yönəlmiş kampaniyalar keçirir. Bu cür siyasətin məğlubiyyətlə nəticələnəcəyi şübhəsizdir, çünki Azərbaycan xalqı populist romantizminə hələ 90-cı illərdə qalib gəlib.