Gələn ay Karbamid zavodunda sınaq-sazlama işlərinə başlanılacaq


İqtisadiyyat 30 Mar 2018 15:15:11 397 0

Gələn ay Karbamid zavodunda sınaq-sazlama işlərinə başlanılacaq

Zavodun bu ilin sonunda tam istismara verilməsi nəzərdə tutulub

Aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa edilən Karbamid zavodunda tammiqyaslı sınaq-sazlama işlərinə başlanılacaq.

Bunu “Report”a zavodun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, ilin III rübündə ammonyak istehsalına başlanılacaq. X. Cəfərov qeyd edib ki, zavodun yekun məhsulu- karbamid istehsalına isə IV rübdə başlanması gözlənilir: “Zavodun bu ilin sonunda tam istismara verilməsi nəzərdə tutulub. Zavod 99% hazırdır”.

Qeyd edək ki, 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək.

Müəssisədə ildə 650-660 min ton karbamid istehsal olunacaq. İstehsal edilən məhsulun 150-200 min tonu daxili bazar, 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulub.