"Söyüş layihəsi" kimlər və necə yararlanır?


Siyasət 30 Mar 2018 14:57:00 277 0

"Söyüş layihəsi"  kimlər və necə yararlanır?

Sosial şəbəkələrdə ictimai qınaqlar artsa da...

Hətta kütləvi ictimai qınağın mövcudluğuna baxmayaraq, sosial şəbəkələrdə söyüş və təhqirlərini davam etdirən adları bəlli "siyasi mühacirlər", eləcə də onların ölkədaxili və ölkəxarici trolları sanki apardıqları "mübarizədə" uduzduqlarının fərqinə varmağa başlayıblar. Görünür, bu səbəbdən, günü-gündən aqressivləşir, təhqir saylarını artırır və bu kimi vasitələrlə təlimatlandırıldıqları mərkəzlər qarşısında "üzüağ" görünmək üçün son cəhdlərini göstərirlər. Söz yox ki, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə yaşayan, fəaliyyət göstərən sağlam düşüncəli soydaşlarımız müəyyən qaranlıq dairələrin nökərlərinə çevrilmiş belə ünsürləri doğru yola səsləsələr də, təəssüf ki, bənzər çağırışlar nəticəsiz qalır. Bu amil isə qarşı tərəfin həqiqətən də millət, xalq, Vətən, dövlət maraqlarından nə qədər uzaq düşdüklərini növbəti dəfə sübuta yetirmiş olur. Maraqli məqamlardan biri də bu gün özlərini "millət fədaisi" kimi zorla ictimai rəyə sırıyan müxalifət "liderlərinin" "söyüş layihəsi" deyilən məsələ ətrafında susqunluqlarıdır. Hərgah onlar özlərini bu qədər "ziyalı" hesab edirlərsə, ən azından, öz tör-töküntülərinə söyüş söyməməyi təhqir etməməyi, etik cəhətdən siyasi mübarizə aparmağı tövsiyə edərdilər. Əks halda, belə anlaşılır ki, Əli Kərimli, Cəmil Həsənli və s. kimi "liderlər" özləri bu planın təşklatçıları sırasında yer alırlar. Lakin yalnız onlarmı?

Sənan Nəcəfov: "Bir dəfə bir tədbirdə, erməni diasporunun rəhbəri, panel iştirakçısına dedi ki..."

Bu arada sosial şəbəkələrdə "söyüş layihəsi" adı altında anti-Azərbaycan xarakterli qüvvələrə canfəşanlıqla qulluq edənlərə ictimaiyyətin ziyalı kəsimindən də çoxsaylı qınaqlar səslənməkdədir. Xüsusilə, Qeyri-Hökumət Təşkilatlarında təmsil olunanlar tərəfindən olduqca ilginc detallara toxunulur, Vətən xainlərinin ifşası istiqamətində ciddi arqumentlərlə çıxışlar olur.

Misal üçün, QHT xəbər saytının baş redaktoru Sənan Nəcəfovun "Facebook" sosial şəbəkəsindəki statusunda qeyd olunur: "Görün nə vəziyyətdəyik... Dostlardan biri yazıb: Mən Avropada şahidi olmuşam. Bir dəfə bir tədbirdə, erməni diasporunun rəhbəri, panel iştirakçısına dedi ki, əgər sizin Azərbaycanda tanıdıgınız, sizə yaxın olan insanlar varsa, adlarını verin biz onlara Avropaya gəlmələrinə köməklik edək. Hətta misal da cəkdi, dedi ki, bir nəfər Qarabağın müstəqilliyini tanəyan adamı, ölkədən cıxarıb və hazırda 3-cü ölkədə (adını cəkmədi) xüsusi qoruma altında saxlayırlar".

Göründüyü kimi, bu gün Avropada oturub on minlərlə kilometr ötələrdə "ədalət carçılığı" edərək, öz çirkin antidövlətçi əməlləri ilə "kişilik mücəssəməsi" sərgiləyənlər ya bilavasitə erməni lobbiisi ilə əlbir olurlar, ya da erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müxtəlif ictimai təşkilatlarla işləyirlər. Artıq bu kimi faktlar kifayət qədərdir və zaman-zaman ictimaiyyətin diqqətinə media vasitəsi ilə çatdırılıb.

Sahib Məmmədov: "Bu şəbəkənin üzvləri hələ bir neçə il öncə Avropaya saxta sənədlərlə gedən insanları səfərbər etməyə başladılar"

Digər QHT təmsilçisi və rəhbəri Sahib Məmmədovun bu ətrafdakı fikirləri maraqdoğurucudur. O, öz statusunda yazır ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən "siyasi mühacirlərə" ölkəmizin Avropa İttifaqı ilə, eləcə də dünyanın aparıcı ölkələri ilə münasibətlərinə xələl vurmaq sifarişi verilib. SİTAT: "Məqsəd təbii ki, Azərbaycanın Avropa İttifaqı və dünyanın digər aparıcı ölkələri ilə əməkdaşlığına mane olmaqdır. Bilirsiniz ki, iri transmilli layihələr yalnız Azərbaycanın iradəsi ilə gerçəkləşmir, burada başqa dövlətlər də iştirak etməli və bəzən xarici banklar da maliyyələşməni həyata keçirməlidirlər. Əsl məqsəd məhz bunların qarşısını almaq, ölkəmizin beynəlxalq təşkilatlardakı nüfuzunu aşağı salmaq və Azərbaycanın oradakı təmsilçiliyinə mümkün hallarda xitam vermək, beləliklə də Ermənistanın Dağlıq Qarabağı işğal faktını "legitimləşdirmək" siyasəti həyata keçirməkdir. Yəni beynəlxalq aləmdə süni surətdə Azərbaycanın nüfuzu aşağı salındıqca, işğalçı Ermənistanın şansları genişlənir. Həmin "azərbaycanlılar" da məhz bu məqsədlə səfərbər ediliblər. Bu, uzağa gedən bir layihədir və "söyüş aksiyası" da onun bir tərkib hissəsidir".

Buradan həm də belə aydın olur ki, Avropadakı "siyasi mühacirlər" ilk növbədə Dağlıq Qarabağın işğal faktının beynəlxalq aləmdə legitimləşdirilməsi üçün müvafiq məbləğlərdə maliyyə dəstəyi alıblar və əsas olan digər məqsəd, işğalçı Ermənistanı dirəndiyi dalandan çıxarmaq məsələsidir ki, Vətən xainləri bu cür alçaldıcı yollara da getməkdədirlər.

S.Məmmədov "söyüş layihəsi" ətrafında da status paylaşaraq qeyd edir: "Əslində, sosial şəbəkələr vasitəsiylə Avropadakı bəzi mənəviyyatsız 5-6 insanın "söyüş layihəsi" adı altında həyata keçirdiyi kampaniyalar antiazərbaycan xarakteri daşıyır və dövlət əleyhinə yönələn çirkin prosesin bir elementidir. Mən bu prosesə ayrı-ayrı görkəmli şəxsləri, dövlət xadimləri və Prezidenti təhqiretmə kampaniyası kimi deyil, daha geniş kontekstdə baxıram. Bu proses əslində böyük kampaniyanın tərkib hissəsidir və bu gün başlamayıb, sözügedən kampaniya məqsədli şəkildə təşkil olunmuş və müxtəlif mərkəzlərdən, o cümlədən ermənilərə bağlı olan müəyyən qüvvələr tərəfindən idarə olunur".

"Bu şəbəkənin üzvləri hələ bir neçə il öncə Avropaya saxta sənədlərlə gedən insanları səfərbər etməyə başladılar"-deyə xatırladan S.Məmmədov burada ölkədə fəaliyyət göstərən dağıdıcı müxalifət "liderlərinin" rəhbərlik etdiyi partiyaları vasitəsi ilə insanlara saxta sənədlər vermələrinə eyham vurub və qeyd edib ki, ümumiyyətlə, çoxməqsədli bu layihənin əhəmiyyətli hissəsi də Azərbaycanda hazırlanmışdı. Yəni buradakı radikal müxalifət dairələri vasitəsi ilə.

"Bunlar müxtəlif adlar altında, o cümlədən "hüquq müdafiəçisi", "araşdırmaçı jurnalist", "vəkil", "bloger" və hətta "dindar" adları altında gizlənsələr də, eyni məqsədə qulluq edir və eyni sifarişləri yerinə yetirirlər"

"Xaricdə yaradılan şəbəkənin tərkibinin çox hissəsi azərbaycanlılardan ibarətdir" yazan S.Məmmədov daha sonra qeyd edir: "Ən azı üzdə olan fəaliyyətlərdə azərbaycanlılar önə çıxarılır. Şəbəkənin bir hissəsi də Azərbaycanda fəaliyyət göstərir. Bunlar müxtəlif adlar altında, o cümlədən "hüquq müdafiəçisi", "araşdırmaçı jurnalist", "vəkil", "bloger" və hətta "dindar" adları altında gizlənsələr də, eyni məqsədə qulluq edir və eyni sifarişləri yerinə yetirirlər. Bu da əlbəttə ki, həmin şəbəkənin bir layihəsidir. Bu şəbəkənin "görkəmli" nümayəndələrinin kimlərdən ibarət olduğu bəllidir. Şəbəkəni idarə edənlərin bir hissəsi hazırda Moskvada, digər bir hissəsi Haaqa, Praqa və Almaniyada yerləşən mərkəzlərdə fəaliyyət göstərir. "Söyüş layihəsi"nə cəlb edilənlərə çirkli iş tapşırılsa da, daha "elit" hissə Avropa İttifaqında, Avropa Şurasında, ATƏT strukturlarında və BMT-də keçirilən tədbirlərdə ermənilərin təşkil etdiyi əlavə tədbirlərdə (side event) paneldə otururlar və anti-Azərbaycan tədbirləri idarə edirlər. Bir qism isə müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının yaratdığı "araşdırıcı" mərkəzlərlə əməkdaşlıq edir, yalan laboratoriyalarında antiazərbaycan materilaları hazırlamaqla məşğul olur. Nəhayət, başqa bir qism ideoloji təxribatla məşğul olaraq, Avropada və başqa yerlərdə KİV-lər yaradıb. İrəvanda separatçı radio, Meydan TV, Obyektiv TV və müxtəlif KİV-lər bu hissənin fəaliyyətinin bariz nümunəsidir. "Söyüş layihəsi" də bu gün həmin şəbəkənin fəaliyyətinin bir növüdür. Ona görə də məsələyə sadə prizmadan yanaşmağın tərəfdarı deyiləm ki, onlar yalnız öyrədilmiş müəyyən adamlardır və belə bir çirkli işlə məşğuldurlar. Çünki bu layihə bitsə də, yeniləri ortaya çıxacaq".

Fatimə Hacıbəyli: "Atam balası, qəhrəmanlıq ər meydanında olur. Elə hünərlisinizsə, çıxın ortaya mərdi-mərdana sözünüzü deyin. Yoxsa xaricdə oturub "Facebook" və ya "Youtube" vasitəsilə video yaymaqla özünüzü cəsur sanmayın"

Digər QHT rəsmisi Fatimə Hacıbəyli xarici ölkələrdə sifarişlər əsasında təlimatlar həyata keçirənlər barədə ilginc status paylaşıb. Həmin statusu da təqdim edirik: "Təəssüf ki, xaricdə yaşayan bəzi şəxslər Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı çirkin kampaniya aparır. Mübarizəni sivil yolla aparmaq lazımdır. Ancaq təhqir və söyüşlə mübarizə aparılmır. Cılız insanlar təhqir əl atırlar. Onlar elə bilir ki, Azərbaycan dövlətini təhqir etməklə nəsə əldə edəcəklər. Xeyr, o insanlar itirə-itirə gedirlər. İlk olaraq onlar öz mənliklərini, şərəfini, vətənini itiriblər və itirəcəklər də.

Xaricdə kimlərinsə sifarişinə sığınan şəxslər özlərini qəhrəman sayırlar. Sosial şəbəkədə kimlərisə təhqir etmək bunlar üçün qəhrəmanlıq kişilik sayılır. Atam balası, qəhrəmanlıq ər meydanında olur. Elə hünərlisinizsə, çıxın ortaya mərdi-mərdana sözünüzü deyin. Yoxsa xaricdə oturub "Facebook" və ya "Youtube" vasitəsilə video yaymaqla özünüzü cəsur sanmayın". F.Hacıbəyli statusunun sonunda Azərbaycan Prezidentinin İctimai-Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu yaxınlarda ictimailəşdirdiyi fikirlərinə toxunub: "Bu günlərdə, Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sözügedən məsələyə toxunaraq haqlı olaraq qeyd edib ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun şəkildə aparmalıyıq".

Lakin göründüyü kimi, bu qədər kütləvi ictimai qınaqlardan sonra da sakitləşməyən avropalı "siyasi mühacirlər" Vətənə xəyanət etmələrində israrlı görünürlər. Ancaq unudurlar ki, bir gün nə zamansa, həmin əməllərinə görə mütləq cavab verməli olacaqlar. Ya Azərbaycan xalqı qarşısında, ya da Allah...

SİA