Hikmət Babaoğlu: Radikal dindarlarla Milli Şura üzvləri eyni mərkəzdən təlimat alırlar


Digərləri 30 Mar 2018 13:39:00 231 0

Hikmət Babaoğlu: Radikal dindarlarla Milli Şura üzvləri eyni mərkəzdən təlimat alırlar

Azərbaycan olduqca mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Aprel ayının 11-də ölkəmizdə Prezident seçkiləri keçiriləcək. Hazırda seçkilərin demokratik əsaslarda baş tutması üçün bütün şərtlər təmin edilib.

Bakı. Elçin Mehdiyev - "Azərbaycan olduqca mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Hazırda seçkilərin demokratik əsaslarda baş tutması üçün bütün şərtlər təmin edilib". Bunu Trend-ə millət vəkili Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, artıq prezidentliyə namizədlər qeydə alınıb və onların təbliğat- təşviqat kampaniyasının bərabər şəraitdə baş tutması üçün MSK tərəfindən müəyyən edilmiş seçki təqvimi üzrə işlər uğurla davam etdirilir: "Çoxsaylı yerli və beynəlxalq müçahidəçilər seçki prosesini izləmək üçün qeydiyyatdan keçib, namizədlər seçicilərlə ən müxtəlif səviyyələrdə görüşlər keçirir və media və digər qanuni vasitələrlə öz platformalarını xalqa çatdırırlar. Dolayısıyla sözün əsil mənasında namizədlər arasında tam demokratik bir yarış var və bu cəmiyyətdə olduqca fəal seçki ovqatı yaradıbdır. Bu isə sekinin demokratik keçiriləcəyinin zəmanətlərindən biridir". Millət vəkili vurğulayıb ki, bəzi qruplar, xarici dairələr Azərbaycanda demokratik deyil, xaotik cəmiyyət görmək istəyirlər və bunu yaratmaq üçün əllərindən gələni edirlər: "İstər seçki ərəfəsində Azərbaycandan kənarda olan informasiya mənbələrində milli informasiya məkanımıza söyüş və təhqirlərlə hücumların təşkil olunması, istərsə də artıq çoxdan cəmiyyətin xatırlamadığı "Milli Şura" adlı süni qurumun birdən-birə fəallaşması dediklərimizi sübut edir. Biz artıq xeyli vaxtdır ki, radikal siyasi marginalların radikal dini qruplarla birləşərək müxtəlif antimilli layihələr həyata keçirdiklərini bilirik. Bu iki dağıdıcı tandemin yenidən fəallaşaraq ölkəmizin siyasi gündəmini süni şəkildə gərginləşdirmək niyyəti də onların xaricdəki anti-Azərbaycan mərkəzlərdən yeni sifariş almasından xəbər verir. Məsələ ondadır ki, radikal dindarlar, yaxud da əslində dindar kimi görünən radikallarla özlərini Milli Şuranın üzvləri kimi təqdim edənlər müxtəlif coğrafiyalardan, amma eyni mərkəzdən təlimat alırlar". H.Babaoğlu əlavə edib ki, onların məqsədi ölkəmizdə imperializmin idarə olunan xaos nəzəriyyəsini həyata keçirmək, siyasi proseslərin cazibə mərkəzini Qarabağ mövzusundan yayındırmaq, hakimiyyətə təzyiq etməklə onu xarici hegemon güclər qarşısında zəliflətməklə daha çox güzəştlərə məcbur etməkdir: "Ancaq yaxşı ki, Azərbaycanın bütün ictimai-siyasi institutları və bütövlükdə cəmiyyətimiz bunun fərqindədir və onların belə çirkin məqsədlərə nail olmalarına əsla izn verməyəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin