Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarına dair milli standart layihələri hazırlanıb


İqtisadiyyat 30 Mar 2018 12:23:40 351 0

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarına dair milli standart layihələri hazırlanıb

Layihələr rəy alınması üçün aidiyyəti qurumlara təqdim olunub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanındaAzərbaycan Standartlaşdırma İnstitutu və “Qida məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə ekoloji təmiz kənd təsərrüfatı məhsullarına dair milli standart layihələri hazırlayıb.

"Report" Komitəyə istinadən xəbər verir ki, bunlar “Orqanik istehsal məhsulu. İstehsal, saxlanma və daşınma şərtləri”, “Orqanik qida məhsulları. Termin və təriflər” və “Orqanik məhsulların istehsalı, emalı, markalanması və etiketlənməsi üzrə rəhbər sənəd” standart layihələridir.

“Orqanik istehsal məhsulu. İstehsal, saxlanma və daşınma şərtləri” standart layihəsi orqanik istehsal məhsulları olan bitki, heyvan, mikrob mənşəli materiallara, həmçinin, təbii balıqçılığa, emal və təkrar emal edilmiş halda, insanın qidasında istifadə edilən, heyvanlar üçün yem kimi istifadə edilən əkilmiş və səpilmiş materiallara aid edilir və onların istehsalı (hazırlanması), saxlanılması və nəql edilməsi tələblərini müəyyən edir.

“Orqanik qida məhsulları. Termin və təriflər” standart layihəsi orqanik qida məhsulları və orqanik istehsal tələblərinə cavab verən, orqanik kənd təsərrüfatı, meşə təsərrüfatı, su ekosistemləri və arıçılıq təsərrüfatı mənbələrindən istehsal edilmiş, orqanik məhsullar və onların emal məhsullarının istehsalı, tərkibi və xüsusiyyətləri sahəsində termin və tərifləri müəyyən edir.

“Orqanik məhsulların istehsalı, emalı, markalanması və etiketlənməsi üzrə rəhbər sənəd” standart layihəsi isə ərzaq məhsulları bazarında istehlakçıların bu sahədə aldadılmasının və onların saxta məhsullardan qorunmasının mexanizmlərini müəyyən edir.

Layihələr rəy alınması üçün aidiyyəti qurumlara təqdim olunub.