Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA


Digərləri 30 Mar 2018 07:49:00 324 0

Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA

Bakı çox küləkli şəhər olduğundan sürəti saniyədə 20-25 metr olan küləyin əsməsi adi haldır və bu, çox da təhlükəli hesab edilmir. Lakin küləyin sürətinin saniyədə 25 metrdən çox olması artıq təhlükəli sayılır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, martın 30-da və 31-i gündüzə kimi Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi - küləyin sürətinin 18-23, arabir 25-30 m/s olacağı, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi ilə bağlı sinoptiklərin verdiyi proqnozun özünü doğrulub:

"Bizim respublika ərazisi ilə ətraf ərazilər arasında atmosfer təzyiqi fərqi əmələ gəlib. Ona görə də güclü küləyin əsməsi gözlənilən idi. Ötən günlər mülayim hava şəraitinin müşahidə edilməsi soyuq hava kütlələrinin ölkəyə daxil olması üçün şərait yaradıb".

M.Həsənov qeyd edib ki, Bakıda güclü küləklərin əsməsi keçid fəsillərinin əvvəli üçün xarakterikdir. Paytaxtda güclü küləklər mart ayında, eləcə də aprel ayının 5-dək, eyni zamanda oktyabrın sonu-noyabrın əvvəlində müşahidə edilir:

"Temperaturun kəskin enməsi və güclü küləklərin əsməsi mart ayı üçün xarakterikdir. Adətən, martda belə hava şəraiti gözlənilən olur".