“Bu, tərəfdarların kiçik qrupunun da itirilməsi ilə nəticələnəcək”


Siyasət 29 Mar 2018 21:53:00 249 0

“Bu, tərəfdarların kiçik qrupunun da itirilməsi ilə nəticələnəcək”

"Olduqca kiçik olan sosial bazanın genişləndirilməsi üçün Milli Şura belə bir ittifaqa gedə bilərdi və bu baş verdi".

Son.az publika.az-a istinadən xəbər verir ki, bunu "Milli Şura" adlanan qurumun radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratmasını şərh edən "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, ideoloji baxımdan çox fərqli platformalarda dayansalar da, daha doğrusu, "Milli Şura"nın özünün elan etdiyi ideologiya və baxışlarına zidd olsa da, sadəcə olaraq yaxın illərin təcrübəsi göstərir ki, bu qurum radikal əhval-ruhiyyəli şəxs və təşkilatlarla əməkdaşlığa gedirlər.

"Yəni, onlar hər kəslə ittifaqa gedə bilərlər. Bu, ciddi siyasi qüvvə üçün uğurlu fəaliyyət kimi qiymətləndirilə bilməz. Cəmiyyətdə müəyyən şəxslər var ki, radikal ünsürlərlə bir yerdə ola bilərlər. Azərbaycanda daha çox mötədil islam mövcuddur və ölkəmiz öz tolerantlığı, etiqad azadlığının olması ilə tanınıb. Amma xarici qüvvələrin təsiri altında formalaşan az da olsa, qruplar var. Məlumdur ki, Azərbaycandan İŞİD terror təşkilatına da qoşulan insanlar var idi. Məlumatlara görə, onların sayı təxminən 800-1000 nəfərdir. Həmin qruplar müəyyən radikal çağırışlar da etmişdilər. Onlarda zorakılığa meyllilik var, hətta terrora da meyllidirlər. Amma ümumilikdə, bunlar çox azlıq təşkil edir və ən əsası, cəmiyyət onları qəbul etmir", - o deyib.

Ə.Nuriyev qeyd edib ki, Azərbaycandakı bəzi radikal siyasi qüvvələr özlərinə cəmiyyətdə dayaq tapmayanda bu kimi qruplarla təmasa girirlər:

"Milli Şura" adlanan qurumun radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması bir daha göstərir ki, bu qurum özünün sosial bazasını öz məzmunu və mahiyyətini xeyli dərəcədə itirib. Və buna görə də ancaq qarşıdurmaya yönəlik mesajlar verə bilərlər. Bu qarşıdurmanı isə Azərbaycan xalqı heç zaman istəmir və buna görə də onları heç zaman müdafiə etməyəcəklər. Cəmiyyət yaxşı anlayır ki, bu iki qeyri-konstruktiv qüvvənin bir araya gəlməsi Azərbaycan xalqı üçün yaxşı heç nə vəd etmir. Seçkilərdə iştirak etməmək "Milli Şura"nın iflasının bir nümunəsi idi. Belə yanaşmaların tətbiqi ehtimal olunan tərəfdarların kiçik qrupunun da itirilməsi ilə nəticələnə bilər".

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri vurğulayıb ki, radikal qüvvələrlə əməkdaşlıq etmək fəlakətdir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, daxildə hər hansı risk mənbələri yoxdur, bu mənbələr xaricdədir:

"Azərbaycan bu gün Yaxın Şərq coğrafiyasında yerləşən yeganə ölkələrdəndir ki, tam sabitlikdir və hakimiyyətin cəmiyyətin mütləq əksəriyyəti tərəfindən tam müdafiəsi var. Belə olan hallarda bu kimi qüvvələr, həmçinin xaricdəki qüvvələr sabitliyə hansısa xələl gətirəcək hərəkətlər etməyə çalışırlar. Amma bu cəhdlər alınmayacaq və uğur qazana bilməyəcəklər. Çünki Azərbaycan xalqı bu kimi fəlakətli qüvvələrlə birgə fəaliyyətə hər zaman yox deyib və belə də davam edəcək. Azərbaycanda olan sabitlik, harmoniya və qarşılıqlı anlaşma müstəqilliyin təminatı üçün ən vacib şərtlərdir".

Müsahibimiz qeyd etdi ki, radikallarla ittifaqa getmək cəmiyyətdə hətta neytral mövqedə olan qüvvələri də radikallara qarşı qaldırır, onların nüfuzlarını da sıfra endirir. Onun sözlərinə görə, bu qüvvələrdən imtina və onlardan ayrılma gündən-günə genişlənməkdədir.