Azərbaycanİran əlaqələri genişlənir VİDEO


Siyasət 29 Mar 2018 21:07:00 268 0

Azərbaycanİran əlaqələri genişlənir  VİDEO

Bu gün Bakıda Azərbaycan və İran biznes forumu keçirilib. Hər iki ölkənin prezidentlərinin iştiraki ilə keçirilən tədbirdə Neftçala sənaye məhəlləsində yaradılan "Azərmaş" ASC və "İran Khodro" şirkətinin birgə "Xəzər" Avtomobil Zavodunun açılışı da edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, dövlət başçılarının iştirakı ilə keçirilən biznes forumdan əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib. Burada forum iştirakçılarına sənaye parkının imkanları, habelə avtomobil zavodundakı istehsal prosesi, istehsal olunan avomobillərin texniki göstəriciləri ilə bağlı ətraflı məlumat verilib.

Prezident İlham Əliyev və prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində yaradılan "Azərmaş" ASC və "İran Khodro" şirkətinin birgə "Xəzər" avtomobil zavodunun açılışını bildirən düyməni basıblar. Sonra Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub. Biznes forumda çıxış edən prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında mövcud siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Amma bununla belə, ölkələr arasındakı ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir. Ticarət əlaqələrinin genişlənməsi üçün dövlətlər tərəfindən müvafiq addımlar atılır. Həyata keçirilən böyük layihələr buna öz müsbət təsirini göstərəcək. İran və Azərbaycan tərəfinin ciddi səyləri hesabına reallaşan Şimal-Cənub dəhlizinin imkanlarından bir çox ölkə faydalanacaq. Bu layihənin Şərq-Qərb dəhlizi ilə birləşməsi isə layihədə iştirak edən bütün ölkələrə böyük gəlir gətirəcək. Prezident İlham Əliyev son vaxtlar qarşılıqlı sərmayə qoyuluşlarının artmasının da sevindirici hal olduğunu deyib. Prezident bildirib ki, İran-Azərbaycan əlaqələri artıq regional təhlükəsizlik, sabitlik, əməkdaşlıq üçün önəmli amilə çevrilib. İran prezidenti Həsən Ruhani də çıxışında imzalanan sazişlərin əhəmiyyətini vurğulayıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini və bir-birinin yanında olduğunu deyib. Ölkələrimiz arasında istifadə olunmayan potensialın Azərbaycan və İran prezidentlərinin şəxsi təşəbbüsləri və xidmətləri sayəsində artıq aktivləşdirildiyini deyən Həsən Ruhani müştərək iqtisadi əlaqələrin xalqlarımızın rifah halının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyindən danışıb. Səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib. "Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır" deyən Həsən Ruhani iş adamlarına müraciət edərək onları qarşılıqlı layihələrin icrasında fəal olmağa çağırıb.

Biznes forumun ardından dövlət başçıları çay süfrəsi arxasında söhbət ediblər.

İran prezidentinin Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb.

Videonu izləmək üçün şəklə klikləyin: