"Seçkilər yaxınlaşdıqca antiAzərbaycan dairələrin əlində alətə çevrilmiş müxalif ünsürlər fəallaşmağa başlayıb"


Siyasət 29 Mar 2018 17:20:00 262 0

"Seçkilər yaxınlaşdıqca antiAzərbaycan dairələrin əlində alətə çevrilmiş müxalif ünsürlər fəallaşmağa başlayıb"

Azərbaycanın siyasi həyatında çox mühüm yeri olan prezident seçkiləri yaxınlaşdıqca beynəlxalq aləmdəki anti-Azərbaycan siyasi dairələr, eyni zamanda, onların əlində alətə çevrilmiş üzdəniraq radikal müxalif ünsürlər fəallaşmağa başlayıb.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkilinin sözlərinə görə, həmin qüvvələr özləri də dərk edirlər ki, bu hərəkətlərinin heç bir nəticəsi olmayacaq:

"Sadəcə bu bir kəmiyyət göstəricisidir. Onların əslində mahiyyəti də üzə çıxır. Demokratiyadan bəhs edən bu radikal müxalif ünsürlər indi özlərinin 31 martda keçirmək istədikləri mitinqə dini radikal ünsürləri də cəlb etmək istəyirlər. Onlar Azərbaycanın din xadimlərini, Azərbaycanın dövlət maraqlarına, müsəlman dünyasında mövqelərinin güclənməsinə xidmət edən din xadimlərini deyil, radikal dini ünsürləri cəlb edirlər ki, onlar vasitəsilə də Azərbaycan dövlətinə, ölkədəki sabitliyə, təhlükəsizlik mühitinə xələl gətirsinlər, pozsunlar və özlərinin xarici havadarlarının xahişini Azərbaycanda həyata keçirib ölkədə xaos, anarxiya yaratsınlar. Onların məqsədi Azərbaycan xalqına bəllidir, Azərbaycan ictimaiyyəti üzdəniraq siyasi və dini ünsürlərin hansı niyyətdə olduqlarını bilir. Bunlar mənəviyyatını o qədər itiriblər ki, hətta 31 mart tarixində, Azərbaycanlıların Soyqırımı Günündə xarici siyasi dairələrin anti-Azərbaycan tapşırıqlarını və tövsiyələrini, əmrlərini yerinə yetirirlər. Hesab edirəm ki, bu bir xəyanətdir, dönüklükdür".

E.Nəsirov bildirib ki, Azərbaycan ictimaiyyəti onların bu cür addımlarını qətiyyətlə pisləyir:

"Mən seçicilərimlə görüşlərdə də bu hallara tez-tez rast gəlirəm. İnsanlar həmin şəxsləri daim qınaq obyektinə çevirir. İctimaiyyət tənqidi qəbul edir, lakin bildirir ki, tənqid sağlam və konstruktiv olmalıdır. Həmin radikal siyasi ünsürlər isə bütün mədəniyyətlərini, əxlaqlarını itirib. Bu isə haqlı olaraq Azərbaycan ictimaiyyətində çox böyük narahatlıq yaradır".