"120"lik yolu süpürgəçi niyə təmizləməlidir? "Ora piyada girə bilməz"


Digərləri 29 Mar 2018 15:40:00 355 0

"120"lik yolu süpürgəçi niyə təmizləməlidir?  "Ora piyada girə bilməz"

Dünəndən etibarən aeroport yolunda süpürgəçi qadının yol süpürərkən sürücü tərəfindən "Kamaz"la vurularaq öldürülməsi  yenidən yüksək sürətli yollarda insan əməyindən istifadə məsələsini gündəmə gətirib. 

Belə ki, sürücülər  hərəkətin intensiv vaxtında yol təmizləmə işlərinin aparılmasına etiraz edir. Xüsusilə də hərəkət sürəti yüksək olan yerlərdə təmizləmə işlərinin texnika vasitəsilə həyata keçirilməli olduğunu vurğulayırlar.

Bildiyimiz kimi, yollarda təmizləmə işlərini Mənzil Kommunal Təsərrüfat Birliklərinin və "Azəravtoyol" un işçiləri həyata keçirir. Həmin şəxsləri  də hərəkətin intensiv olduğu vaxtlarda yəni, səhər saatlarında yolları təmizləyərkən görmək mümkündür. Ancaq bu zaman əksərən təhlükəsizlik qaydalarına əməl edilmir, işarələr qoyulmur. 

Bu arada qeyd edək ki, bir müddət əvvəl sözügedən məsələ gündəmə gəldikdə qadın süpürgəçilər səhər saat 5 və 6 radələrində təmizləmə işlərinin çətin olduğunu və yollarda işıqların yandırılmadığını da qeyd etmişdilər. 

Son.az xəbər verir ki, qafqazinfo hadisə ilə bağlı  yol məsələləri üzrə ekspert Ərşad Hüseynova müraciət edib. 

O qeyd edib ki, yol hərəkəti qaydalarının 43- cü maddəsinə əsasən avtomagistrallarda piyadanın olması və onların yol keçməsi birmənalı olaraq qadağandır: "Yəni, piyadanın ayağı avtomagistrala dəyməməlidir. Çünki magistrallarda icazə verilən sürət 110 km saatdır. Məntiq də budur ki, yüksək sürət varsa, orada piyada adam olmamalıdır.  Düzdür, hava limanı yolu avtomagistral deyil. Amma çox təəssüf ki, orada avtomagistraldan da yüksək sürət (120 km saat) var.  Deməli, 120 km saat olduğuna görə həmin yolda piyada olmamalıdır. O cümlədən kommunal təsərrüfat işlərini görən  adamlar da yolda olmamalıdır.  Həmin yollar texnika ilə yığışdırılmalıdır. Dünyanın hər yerində belə təcrübə var. Yüksək sürət olan küçələri insan əməyi ilə yox, texnikanın köməyi ilə təmizləyirlər".  

Bu cür hadisələrdə sürücünün məsuliyyətə cəlb edilməsinə gəlincə isə, ekspert qeyd edib ki, burada maraqlı yanaşma var: "Məsələn, aeroport yolu olmasın, olsun lap Bakının hər hansı küçəsi. Həmin şəxsin paltarının üzərində işıq qaytarıcı elementi olan paltar olmalıdır. Əmək təhlükəziliyi qaydalarına əməl edilməli idi.  

Yolda olan həmin qadını  və yaxud piyada avtomobillə  vurulubsa və nəticədə ölüm hadisəsi baş veribsə, burada kimin günahkar olmasına dair standart cavab yoxdur. Bu cür hadisələrə fərdi qiymət  verilir. Əgər sürücü həmin hadisənin qarşısını almaq üçün öz nəqliyyat vasitəsini dayandırmayıbsa, sürətini azalda bilərdisə və  bunu etməyibsə, o zaman sürücünün təqsiri var. Yox, həmin şəraitdə qadını görməyibsə, gördükdən sonra sürəti azaltsa belə hadisədən yan keçmək texniki olaraq mümkün deyildisə, onda o sürücünün təqsiri yoxdur.

Əgər körpülərin üzərində texnikanın yolu təmizləməsinə imkan yoxdursa, o zaman mövcud qanunvericiliyin tələblərinə əməl edilməlidir. Həmin ərazidə hərəkət məhdudlaşdırılmalıdır. Lap tutaq ki,  yol təmizlənilmir, məsələn, işıq dirəyinin lampası xarab olub və onu dəyişdirmək lazımdır.  Bu zaman 150 metr arxada xüsusi xəbərdarlıq nişanları qoyulmalıdır, dirəklərdən istifadə olunmalıdır.

Həmin  işlər hərəkətin ən sakit vaxtlarında razılaşdırılmış qrafik əsasında görülməlidir. Əgər görünmə  ilə bağlı problem yoxdursa səhər saatlarında da bu edilə bilər. Yanaşmalar isə ondan ibarətdir ki, yolun təmizlənməsinə texnikaları cəlb etmək lazımdır. Yolda insan əməyindən istifadə zəruri olduğu halda isə mütləq təhlükəsizlik qaydalarına əməl edilməlidir".