Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi davam edir


Digərləri 29 Mar 2018 14:00:00 229 0

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi davam edir

Dəmirçi-Lahıc avtomobil yolunun bu ilin yay aylarında tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.

Bakı. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və yüksək keyfiyyətlə işlər davam etdirilir. Agentlikdən Trend-ə verilən məlumata görə, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 12 metr təşkil edəcək. Hazırda yol boyu torpaq işləri görülür, çınqıl materialı tökülərək yeni yol yatağının inşası aparılaraq yekunlaşdırılıb. Ardınca optimal-qırmadaş və qum çınqıl qarışıqlarından ibarət normativ qalınqda yeni yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri tam olaraq bitəndən sonra isə yolun asfaltlanması işlərinə başlanılacaq ki, bu işlərin də yolun hərəkət hissəsi 7 metr nəzərə alınmaqla 170 min kv.m-dən çox ərazidə aparılması nəzərdə tutulub. Yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burda müxtəlif təyinatlı mühəndisi qurğuların inşası işləri də aparılır. Bu, suların ötürülməsi üçün küvetlərin, müxtəlif diametrli və uzunluqları 400 paqon-metr olan 15 ədəd suötürücü dəmir-beton boruların, 2 km uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisidir. Artıq bu çərçivədə xeyli iş görülüb. Layihə üzrə yol boyu uzunluqları 7, 18 və 53 metr olan 2 ədəd 1 aşırımlı, 1 ədəd isə 3 aşırımlı avtomobil körpülərinin tikintisi işləri də yekunlaşmaq üzrədir. Bundan başqa sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.