“Azərbaycan Akkreditasiya Mərkəzi” Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata assosativ üzv qəbul olunub


Digərləri 29 Mar 2018 13:16:00 269 0

“Azərbaycan Akkreditasiya Mərkəzi” Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata assosativ üzv qəbul olunub

Azərbaycan Akkreditasiya Mərkəzinin beynəlxalq tələblərə uyğunluğu qiymətləndirildikdən sonra Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatına (ILAC) tam hüquqlu üzvlüyü təmin ediləcək.

Bakı. Azərbaycanda istehsal olunan məhsulların ixrac imkanlarının artırılması üçün ölkəmizdə fəaliyyət göstərən laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi və məhsullara verilən sertifikatların xarici ölkələr tərəfindən tanınması ilə bağlı dövlət başçısının tapşırıqlarının icrası məqsədilə ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq işlər görülməkdədir. Komitədən Trend-ə verilən məlumata görə, bu istiqamətdə əldə olunan növbəti uğur “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsinin Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata (ILAC) assosativ üzv qəbul olunmasıdır. Bunları bugün keçirilən mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinin müavini Niyazi Rəhimov deyib. Onun sözlərinə görə, Azərbaycan Akkreditasiya Mərkəzinin İLAC-a assosativ üzv olması dünya ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin dünya keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır. Əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş laboratoriyalar tərəfindən verilən sınaq və kalibrləmə sənədlərinin beynəlxalq aləmdə tanınmasıdır. Bu isə öz növbəsində yerli məhsulların ixracı zamanı sahibkarların sənədləşmə üçün sərf olunan əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına gətirib çıxaracaq. Niyazi Rəhimov bildirib ki, beynəlxalq təşkilata assosativ üzvlük tam hüquqlu üzv istiqamətində son mərhələ sayılır. İSO 17011 “Uyğunluğun qiymətləndirilməsi. Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzinin beynəlxalq tələblərə uyğunluğu qiymətləndirildikdən sonra Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatına (ILAC) tam hüquqlu üzvlüyü təmin ediləcək.