"Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır"


Digərləri 29 Mar 2018 12:43:00 260 0

"Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır"

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti - son 100 il" adlı konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunun təhlili, ölkəmizin multikultural mühitinə təhdidlər, eləcə də bu sahədə qarşıda duran vəzifələrin müzakirəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Y.Mahmudov isə bildirib ki, 1918-ci ilin mart ayında törədilən soyqırımla bağlı əsas sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissyiasının topladığı sənədlərdir: "26 Bakı Komissarlarının yaratdığı hakimiyyət əslində erməni daşnak hakimiyyəti olub və Stepan Şaumyanın mart soyqırımından sonra Leninə göndərdiyi məktub da bunu bir daha təsdiqləyir. Şaumyan Leninə məktubunda Bakıya 4 min erməni daşnak qüvvələri cəlb etdiyini, bu hadisələr olmasaydı, Bakının azərbaycanlıların yaradacağı dövlətin paytaxtı olacağını yazıb".