İlham Əliyev: "Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı imzalanan saziş tarixi əhəmiyyətə malikdir"


İqtisadiyyat 29 Mar 2018 00:38:41 289 0

İlham Əliyev: "Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı imzalanan saziş tarixi əhəmiyyətə malikdir"

"Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq"

"Biz nəqliyyat sahəsində böyük uğurlara imza atmışıq. Keçən il mən İranda səfərdə olarkən biz Azərbaycandan İrana birinci qatarın qəbul olunmasını qeyd etmişik. Astaraçay üzərində tikilmiş körpü vasitəsilə birinci qatar İrana qədəm qoymuşdur. Bu gün isə biz Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı çox önəmli və tarixi əhəmiyyəti olan sazişi imzaladıq".

“Report” xəbər verir ki, bunu martın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə mətbuata birgə bəyanatı zamanı deyib.

"Əminəm ki, Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və beləliklə, bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. Şimal-Cənub nəqliyyat dəhlizi bizim və qonşu ölkələrin birgə səyləri nəticəsində artıq reallaşır. Bununla paralel olaraq, biz artıq Cənub-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı fəal işlərə başlamışıq və gələcəkdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri birləşəcək. Bizim ölkələrimiz bu istiqamətdə çox önəmli rol oynayırlar. Tam məsuliyyətlə deyə bilərəm ki, Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı bu gün imzalanan saziş tarixi əhəmiyyətə malikdir və hesab edirəm ki, gələcək illərdə hər kəs bunu görəcək", - deyə o bildirib.