İlham Əliyev: "İranAzərbaycan dövlətlərarası münasibətləri möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir"


Siyasət 29 Mar 2018 00:20:00 307 0

İlham Əliyev: "İranAzərbaycan dövlətlərarası münasibətləri möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir"

Bu gün İran-Azərbaycan dövlətlərarası münasibətləri möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İran Prezidenti Həsən Ruhani ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Prezident cənab Ruhani ilə bugünkü görüş son dörd il ərzində bizim 11-ci görüşdür. Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycana üçüncü səfəridir. Eyni zamanda, biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənədlər imzalanmışdır ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan vermişdir. Biz beynəlxalq arenada da fəal əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik. BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk".

Prezident bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir: "Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır.

Biz iqtisadi sahədə əməkdaşlığı dərinləşdiririk, qarşılıqlı sərmayə qoyuluşu prosesi başlamışdır və sabah keçiriləcək biznes-forumda bu məsələ ilə bağlı təqdimat göstəriləcək. İran Azərbaycana, Azərbaycan İrana sərmayə qoyur və bu sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına xidmət göstərir. Əminəm ki, bu səfərdən sonra, - biz bu gün bu barədə də danışmışıq, - əlavə sərmayə qoyuluşunun təşkili nəzərdə tutulacaqdır. Ticarət dövriyyəsinin gələcəkdə artırılması istiqamətində bu gün müvafiq qurumlara tapşırıqlar verildi və ümid edirəm ki, biz bunun şahidi olacağıq.

Bu gün bir çox sənədlər imzalanmışdır, onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir".

İlham Əliyev deyib ki, Azərbaycan və İran energetika sahəsində də uğurlu əməkdaşlıq edir: "Son illər ərzində imzalanmış sənədlər, xüsusilə "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının işlənməsi, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədlər elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirir. Bu gün biz qərara gəldik ki, çoxtərəfli əməkdaşlıq formatını energetika sahəsində də inkişaf etdirək. Ümumiyyətlə, demək istəyirəm ki, bizim əlaqələrimiz təkcə ikitərəfli formatla məhdudlaşmır, biz artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində uğurla fəaliyyət göstəririk. Azərbaycan, İran, Rusiya prezidentlərinin iki görüşü Bakıda və Tehranda, Azərbaycan, İran, Türkiyə xarici işlər və digər nazirlərinin görüşü, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan, İran, Gürcüstan, Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü - bütün bu görüşlər regional əməkdaşlığa, sabitliyə, sülhə dəstək verir. Bu gün bizim ölkələrimiz regional formatda da uğurlu əməkdaşlıq apararaq, ümumi işimizə çox böyük töhfə verirlər".