Prezident İlham Əliyev: "İranAzərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb"


Siyasət 28 Mar 2018 22:56:00 276 0

Prezident İlham Əliyev: "İranAzərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb"

İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İran Prezidenti Həsən Ruhani ilə geniş tərkibdə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. İlk növbədə, Sizi və bütün qardaş İran xalqını Novruz bayramı münasibətilə təbrik etmək istəyirəm, İran xalqına xoşbəxtlik, firavanlıq arzulayıram.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz son dörd il ərzində on dəfə görüşmüşük və hər bir görüşün böyük mənası, əhəmiyyəti var".

İlham Əliyev bildirib ki, bu illər ərzində İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb: "Biz məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Əldə edilmiş razılaşmalar icra olunur. Biz bu gün məhdud tərkibdəki görüşdə bu barədə danışdıq. Bir daha demək istəyirəm ki, əldə edilmiş bütün razılaşmalar icra olunur və bu, ölkələrimizi bir-birinə daha da yaxın edir. Biz siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat - bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlığın gözəl nəticələri var. Bu günə qədər bir çox ikitərəfli sənədlər imzalanmışdır. Onlar icra edilir. Bu gün də imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq. İmzalanacaq sənədlər, o cümlədən Xəzər dənizində birgə işləməyimizi, Astara-Rəşt dəmir yolunun tikintisini nəzərdə tutur və digər sənədlər, əlbəttə ki, ölkələrimizi bir-birinə yaxınlaşdırmaq üçün xüsusi əhəmiyyət daşıyır.

Əsas məsələ ondadır ki, biz səmimi əməkdaşlıq edirik. Bizim aramızda çox sıx əlaqələr var. Dövlətlərarası əlaqələr sağlam zəmində qurulur. Qarşılıqlı inam var və nəticələr də bu amillərin bariz təzahürüdür.

Mən bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfər çox uğurlu olacaq və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar açılacaq".