Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi ilə bağlı təntənəli mərasim keçirilib FOTO


Digərləri 28 Mar 2018 22:29:00 222 0

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi ilə bağlı təntənəli mərasim keçirilib  FOTO

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında təntənəli mərasim keçirilib.

DTX-dan Son.az-a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev çıxış edərək şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını peşə bayramı münasibətilə təbrik etmişdir. O, Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü bildirmişdir.

Ulu Öndərin siyasi xəttinin möhtərəm Prezident, Zati-aliləri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycanın tərəqqisinə böyük imkanlar yaratdığını vurğulayan general-leytenant Mədət Quliyev, dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü və milli maraqlara əsaslanan fəaliyyət strategiyasının ölkəmizdə sabitliyə və sosial-iqtisadi inkişafa təminat verdiyini diqqətə çatdırmışdır: "Bu gün Azərbaycan dünyada sürətli inkişafa, sağlam investisiya və hərtərəfli təhlükəsizlik mühitinə malik sabit ölkə kimi tanınır".

General-leytenant Mədət Quliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə ölkə vətəndaşlarının rifahı naminə irimiqyaslı sosial layihələr icra olunur. Yüksək səviyyədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər nəticəsində Azərbaycan dünyada həm də mədəniyyət və idman mərkəzinə çevrilmişdir.

Ölkəmiz gücləndikcə vətəndaşlarımız özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, onun arxasında dövlət və onun güclü, qətiyyətli, uzaqgörən Prezidenti cənab İlham Əliyev dayanır. Bunun nəticəsidir ki, əhalinin sosial rifahı yaxşılaşır, xalq-iqtidar birliyi günbəgün güclənir, ölkədə sabitlik və əmin-amanlıq təmin olunur.

General-leytenant Mədət Quliyev həyata keçirilmiş sistemli struktur və kadr dəyişikliklərinin, o cümlədən fəaliyyətin optimallaşdırılmasının, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılmasının, sağlam işgüzar mühitin yaradılmasının, eləcə də sosial-maddi təminatın, beynəlxalq əlaqələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin DTX-də xidmətin daha səmərəli və çevik təşkilinə təkan verdiyini qeyd etmişdir. O, respublikada sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi, cinayətkarlıqla mübarizə sahəsində DTX-nin aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirildiyini bildirmişdir.

Qarşıda ölkəmizi daha bir mötəbər siyasi tədbirin gözlədiyini diqqətə çatdıran general-leytenant Mədət Quliyev, aprel ayının 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək təhlükəsizlik və ictimai sabitlik şəraitində keçirilməsi üçün digər aidiyyəti orqanlarla yanaşı, DTX tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini qeyd etmişdir.


Xəbərə aid fotolar