Azərbaycanda hüquqi islahatlar siyasəti və iqtisadi inkişaf


Digərləri 28 Mar 2018 16:43:00 337 0

Azərbaycanda hüquqi islahatlar siyasəti və iqtisadi inkişaf

Son.az Trend-ə istinadən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynovun məqaləsini təqdim edir:

İnsan hüquq və azadlıqlarının, eləcə də vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətin ali məqsədidir. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə layiqli həyat səviyyəsinin təmin olunması bir-birindən ayrılmaz, qarşılıqlı asılılıqda olan anlayışlardır. Mütərəqqi hüquqi islahatların həyata keçirildiyi dövlətlərdə iqtisadi və sosial rifahın daha yüksək səviyyədə təmin olunması artıq əksər dövlətlərin təcrübəsində öz təsdiqini tapmışdır.

Bu səbəbdəndir ki, Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, bir çox beynəlxalq təşkilatlar, inkişaf qurumları öz fəaliyyətlərində hüquqi islahatların təşviq edilməsi və bu sahədə dəstək göstərilməsini prioritet istiqamətlərdən biri kimi həyata keçirirlər. Avropa İttifaqı hüquqi islahatlarıtəşkilata üzv olmaq üçün əsas şərtlərdən biri kimi müəyyən etmişdir. Dünya Bankının İnkişaf Problemlərinin Araşdırılması Qrupu tərəfindən hazırlanmış "Dövlət idarəetməsinin əhəmiyyəti" ("GovernanceMatters") adlı hesabatlarında da uğurlu iqtisadi inkişafın şərti kimi dövlət idarəetməsinin iştirakçılıq, hesabatlılıq, siyasi stabillik, idarəetmənin effektivliyi, qanunun aliliyi və sair kimi müxtəlif göstəriciləri təhlil edilir və bu göstəricilərin təmin olunmasının ən mühüm vasitələrindən biri kimi hüquqi islahatlar göstərilir.

İqtisadi inkişaf üçün hüquqi bazanın və islahatların əhəmiyyəti ondan ibarətdir ki, hüquqi baza və normativ əsaslara söykənərək fəaliyyət göstərən dövlət institutları əlverişli biznes mühitinin yaranmasını və tərəflər üçün bərabər imkanları təmin edir. Belə ki, şəxsi mülkiyyət hüquqlarının qorunmasını təmin edə bilən və uzunmüddətli müqavilələrin bağlanmasını təşviq edən qanunvericilik sistemi investisiyaların həcminin artması və iqtisadi inkişaf üçün mühüm şərtlərdir.

Hüquqi islahatlara olan yanaşma və onların davamlılığı sosial-iqtisadi rifahı təmin edir. Digər ölkələrin də təcrübəsi göstərir ki, məhz demokratik sistemin və hüququn aliliyinin inkişafını daha möhkəm təmin etmiş dövlətlər daha sürətli və uğurlu iqtisadi inkişafa nail olmuşlar. Eyni zamanda, iqtisadi göstəricilərin və inkişafın zəif olduğu ölkələr daha kövrək hüquq sisteminin və siyasi sabitliyin olduğu ölkələrdir. Yəni, iqtisadi inkişafı hüquqi islahatlarla paralel həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyulduqda həmin dövlətlərdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur.

Dövlətin inkişafı və vətəndaşların rifahı ilkin olaraq sosial-iqtisadi siyasətlə və göstəricilərləəlaqələndirilir, ancaq bu proses paralel həyata keçirilən dərin, hərtərəfli hüquqi islahatlarsız səmərəli olmur. İlham Əliyevin prezident seçildiyi 2003-cü ildən ötən dövr ərzində ölkəmizin iqtisadi sahədə olan uğurları birmənalıdır və statistik rəqəmlərlə, eləcə də beynəlxalq qiymətləndirmələrlətəsdiqlənmişdir. Həyata keçirilən sosial proqramlar, yoxsulluq səviyyəsinin azaldılması, infrastruktur layihələri, təhsil və səhiyyə islahatları vətəndaşların rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

Bu inkişafı və artımı şərtləndirən, onun üçün zəmin yaradan və davamlılığını təmin edəcək hüquqi islahatlar da daim İlham Əliyevin islahatlar konsepsiyasının ayrılmaz hissəsi olmuşdur. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək və onun davamlılığını təmin edəcək kompleks məhkəmə, inzibati-idarəçilik və kadr islahatları həyata keçirildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında müəyyən edilmiş əsaslarla qurulan məhkəmə sisteminin İlham Əliyevin prezidentliyi dövründə təkmilləşdirilməsidavam etdirildi. Azərbaycan Milli Lider Heydər Əliyevin prezidentliyi dövründə, 2002-ci ildə ədalət mühakiməsində daha yüksək standartları təmin etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququnu tanıyan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etmişdi. İlham Əliyev 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almalarını tövsiyə etdi. Həmin Fərmandan sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox işləri Azərbaycan dilinə tərcümə olundu, hüquq-mühafizə orqanlarının əməkdaşları və ümumiyyətlə, bütün hüquqşünaslar tərəfindən geniş şəkildə öyrənilməyə başlandı.

İlkin hüquqi islahatlardan biri məhkəmə hakimiyyətində şəffaflığın artırılması idi. 2004-cü ildə "Məhkəmələr və hakimlər haqqında" Qanuna edilən dəyişikliklə kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarlarının elektron qaydada yayılması tələbi gətirildi. Bu istiqamətdə tədbirlər daim diqqətdə saxlanıldı və müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilətəkmilləşdirildi. 2014-cü ildə Prezident İlham Əliyevin Fərmanı iləyaradılan "Elektron məhkəmə" informasiya sistemi belətədbirlərin əhəmiyyətli nümunələrindən biridir. Bu sistem məhkəmələrdə şəffaflığın artırılmasını, prosessual hərəkətlərin izlənilməsini, məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını, ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu və ümumi olaraq məhkəmələrin fəaliyyətində informasiya texnologiyalarının tətbiqini və səmərəliliyin artırılmasını təmin edir.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda mühüm hüquqi islahatlardan biri məhkəmə hakimiyyətinin özünüidarə оrqanıоlan Məhkəmə-Hüquq Şurasının yaradılması idi. 28 dekabr 2004-cü ildə "Məhkəmə-Hüquq Şurası haqqında" Qanun qəbul edildi və 2005-ci ilin fevralından Məhkəmə-Hüquq Şurası fəaliyyətə başladı. Məhkəmə-Hüquq Şurasının yaradılması ilə hakimlərin fəaliyyətinə kənar müdaxilə olduqda, onların bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət imkanı da yaranmış oldu. Həmin Qanunla, həmçinin, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçkisini həyata keçirmək məqsədi ilə müstəqil qurum оlan Hakimlərin Seçki Kоmitəsiformalaşdırıldı. Bununla da Azərbaycanda hakimlərin qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan şəffaf seçki proseduru yaradılmış oldu. Hakimlərin seçki proseduru ilə yanaşı, onların hüquqlarının müdafiəsi və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi məqsədilə 2004-cü ildə hakimlərin ictimai birliklər (assosiasiyalar) yaratmaq və birləşmək hüququ Qanunla tanınmış oldu. Həyata keçirilən məhkəmə islahatları bu sahə üzrə qiymətləndirmələr aparan beynəlxalq qurumlar və Avropa təsisatları tərəfindən təqdirəlayiq hesab edilmişdir.

Azərbaycanda iqtisadi inkişaf bazar iqtisadiyyatının prinsiplərinə əsaslanır. Ancaq dövlət sosial rifahı nəzərə almayan, əhalinin bir qrupunun daha çox varlandığı, digər bir qisminin isə yoxsullaşdığı iqtisadi mühiti qəbul etmir. Təbii ki, dövlətin sərbəst iqtisadi mühitdə iqtisadiyyatın əsas sahələrini öz əlində saxlaması mümkün deyil və üstəlik, hüquq sistemi də buna imkan tanımır. Ancaq dövlət iqtisadi siyasətində sosial rifahı nəzərə alır və bunu hüquq normaları vasitəsilə edə bilir. İqtisadi fəaliyyət subyektlərinin mənafeyi ilə əhalinin sosial rifahı bir-biri ilə ziddiyyət təşkil etməsə də, aradakı balansı tam qorunmaq o qədər də asan deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə keçirilən referendumla Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi konstitusion səviyyədə dövlətin ali məqsədi kimi tanındı.