Qida məhsullarının istehsalında istifadə olunan əlavələr təhlükəlidirmi?


Digərləri 28 Mar 2018 14:54:00 227 0

Qida məhsullarının istehsalında istifadə olunan əlavələr təhlükəlidirmi?

Qida Təhlükəsizliyi Agentliyi “Qida məhsullarının istehsalında istifadə olunan əlavələr təhlükəlidirmi?” araşdırma yazı hazırlayıb.

Bakı. Qida Təhlükəsizliyi Agentliyi “Qida məhsullarının istehsalında istifadə olunan əlavələr təhlükəlidirmi?” araşdırma yazı hazırlayıb. Trend həmin yazını təqdim edir: "Qida istehsalı zamanı məhsulun bir sıra keyfiyyət xüsusiyyətlərini artırmaq üçün təbii və ya sintetik yolla əldə edilmiş qida əlavələrindən istifadə edilir. Qida əlavəsi qida məhsulunun tərkibinə daxil olur. Heç vaxt qida əlavəsinin ayrıca istifadəsinə yol verilmir. Qida əlavəsi istifadə edilən zaman bir sıra önəmli qaydalar nəzərə alınır: insan sağlamlığı üçün tam təhlükəsiz olması; insan üçün toksik və ya zəhərli olmaması; insanda xərçəngin əmələ gəlməsinə səbəb olmaması; zərərli maddələrin olmaması və antibakterial effektinin olması. Hazırda qida istehsalı sənayesində təxminən 2500-ə yaxın qida əlavəsindən istifadə edilir. Bu əlavələrə aromatizatorlar, boyayıcı maddələr, qidanı uzun müddət saxlamaq üçün konservantlar, dadlandırıcılar, antioksidantlar və s. aiddir. Qida əlavələrini adlandırmaq üçün xüsusi standartlardan istifadə edilir. Avropada qida məhsulunun istehsalı zamanı qida əlavəsi istifadə edilmişdirsə, onun kodu mütləq məhsulun nişanlanmış üz qabığında qeyd edilir. Məsələn, E260 kodunda “E” məhsulun Avropada istehsal edildiyini, 260 isə tərkibində sirkə turşusunun olduğunu bildirir. Əgər məhsul Avropadan kənarda istehsal edilirsə, onda qida əlavəsinin kodu “E” işarəsi olmadan yazılır. Dünyada qida istehsalı zamanı istifadə edilən bütün qida əlavələrinin kodları Codex Alimentarus Komissiyasının səhifəsində qeyd edilmişdir. Bu cür sistematikanın aparılması həm istehsalçıların, həm də istehlakçıların düzgün informasiya almasına kömək edir. Qida əlavəsinə verilən bu cür kodlar onların öncədən laboratoriyada insan sağlamlığına ziyanlı olub-olmaması tədqiq edilərək, tam təhlükəsiz olduğu müəyyənləşdirildikdən sonra verilir. Hər bir qida əlavəsinin hansı miqdarda və ya həcmdə istifadəsi də bu tədqiqatlar zamanı müəyyən edilərək standart kimi tətbiq edilir. Qida məhsullarının istehsalı zamanı istifadə edilən qida əlavələri müxtəlif funksional qruplara ayrılır: E100 - E182 qrupu - rəngləyiciləri, E200 - E280 qrupu – konservantları, E300 - E391 qrupu - antioksidantları və turşuluq tənzimləyicilərini, başqa sözlə, məhsulun tez xarab olmasının qarşısını alan maddələri, E400 - E482 qrupu - stabilizatorları, yəni qida məhsulunun tərkibini sabit saxlayan maddələri, E550 - E583 qrupu - emulqatorları, yəni məhsulun müəyyən strukturunu saxlayan maddələri, E600 - E637 qrupu - dad və aromatizatorları, E900 - E967 qrupu - köpüyə qarşı, şəffaflıq verən əlavələri və E1100 - E1105 qrupu - ferment preparatları bildirir. Bu funksional qruplardan istifadə qida məhsullarının növünə və tərkibinə görə dəyişir.