Karuana vaxtilə Azərbaycan millisinə cəlb oluna bilərmiş


İdman 28 Mar 2018 14:22:00 237 0

Karuana vaxtilə Azərbaycan millisinə cəlb oluna bilərmiş

Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirinin qalibi olan ABŞ yığmasının şahmatçısı Fabiano Karuananın iki il öncə Azərbaycan millisinə cəlb edilməsi gündəmdə olub. Goal.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov etiraf edib. O, bildirib ki, 2015-ci ilin əvvəllərində əslən italiyalı qrossmeysterin Azərbaycan yığmasında çıxış etmək varinatı olub. Lakin valideynlərinin istəyilə Karuana ABŞ-dan gələn təklifi qəbul edib: “Həmin vaxt danışıqlar prosesində idik. Bu, tək mənim qərarım deyildi, müvafiq instansiyalarla, o cümlədən, federasiyamızın prezidenti Elman Rüstəmovla razılaşdırılmış təşəbbüs idi. Fabiano ilə münasibətlərimiz çox yaxşıdır və ilk addımı da elə özü atmışdı. Onun tərəfindən belə bir istəyə baxılmasının mümkünlüyü söylənilmişdi. Müəyyən danışıqlar prosesinə getdik. Amma həmin vaxt valideyn amili ortaya çıxdı və onlar üzlərini ABŞ-a çevirməyə qərar verdilər. Nəticədə Fabiano ABŞ yığmasında çıxış etmək qərarına gəldi". 

M.Məmmədovun sözlərinə görə, Azərbaycan tərəfinin əvvəllər İtaliya yığmasının da şərəfini qorumuş Karuana ilə apardığı danışıqlar nəticə vermədikdən sonra Latviya doğumlu Arkadi Naydiçlə təmas qurulub. 

İki il öncə "La Gazzetta dello Sport" nəşri F.Karuananın Azərbaycan adından çıxış etməsi üçün ilinə 400 min dollar təklif olunduğunu yazmışdı. Fabiano Karuana 9 xalla İddiaçılar Turnirinin qalibi olub. İkinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 8 xal toplayıb.