Prokuror Bakıda bacısını öldürmək istəyən şəxsə cəza istəyib


Sosial 28 Mar 2018 12:16:54 237 0

Prokuror Bakıda bacısını öldürmək istəyən şəxsə cəza istəyib

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edili

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qısqanclıq zəminində öldürməyə cəhd etməkdə təqsirləndirilən Camal Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında C.Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin yayında Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsində baş verib.

Həmin qəsəbənin Şərifli küçəsində 1990-cı il təvəllüdlü Tahirə Əliyeva qardaşı, 1995-ci il təvəllüdlü C.Əliyev tərəfindən bıçaqlanıb. C.Əliyev bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı C.Əliyev həbs edilib.

Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.

Bildirilir ki, Bakıda yaşayan T.Əliyeva bir neçə ay əvvəl ərindən ayrılıb və ayrı evdə yaşamağa başlayıb. Ərindən ayrılan qadın müxtəlif ünvanlarda işləməyə başlayıb.

Gürcüstanda yaşayan C.Əliyev bacısının ərindən ayrıldığını, ayrı-ayrı yerlərdə işlədiyini eşidib. Bu məsələ ilə bağlı Bakıya gələn C.Əliyev bacısını izləməyə başlayıb.

C.Əliyev bacısına işləməkdən və başqa kişi ilə münasibət saxlamaqdan əl çəkməsini tələb edib. Amma T.Əliyeva buna etirazını bildirib.

Bundan əsəbləşən C.Əliyev bacısına 13 bıçaq zərbəsi vurub.

T.Əliyevanın iki övladı var. Cinayəti törədən C.Əliyev də ailəlidir, onun isə 1 azyaşlı oğlu var.

C.Əliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.