Erməni döyüşçü gizlinləri açdı: "Təkcə mənim olduğum Madagiz postunda 29 ölü və 38 yaralı var idi"


Siyasət 28 Mar 2018 10:32:00 315 0

Erməni döyüşçü gizlinləri açdı: "Təkcə mənim olduğum Madagiz postunda 29 ölü və 38 yaralı var idi"

Azərbyacan əsgərindən layiqli cavabını alan erməni döyüşçü dövlətindən yardım ala bilmir.

Son.az ordu.az-a istinadən xəbər verir ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgərindən layiqli cavabını alan erməni döyüşçüləri dövlətdən yardım ala bilməmələrindən gileylənirlər. 

Üstündən uzun müddət keçməsinə baxmayaraq, aprel döyüşlərinin iştirakçısı olan erməni hərbçilərinin üzləşdiyi çətinliklər və problemlərlə bağlı mütəmadi olaraq mətbuatda məlumatlar yayılır. Faktlar yetərincədir. Aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində isə bu məsələlər Ermənistanda yenidən aktuallaşıb.

Bu günlərdə sosial şəbəkələrdə daha bir erməni döyüşçünün düçar olduğu acınacaqlı vəziyyətlə bağlı paylaşmalar yayılıb. Sosial şəbəkə istifadəçisi olan keçmiş döyüşçü David Kaqramanyanın üzləşdiyi çətinliklərlə bağlı yazdığı məlumatlar ictimaiyyət tərəfindən qəzəb və narazılıqla qarşılanıb.

Apreldəki uğursuzluqlarından söhbət açan D.Kaqramanyan yazır: "Apreldə minaatan zərbəsindən yaralanandan sonra yüksək vəzifəli şəxslərin xəstəxanada mənə baş çəkməsindən, boş qürur hissindən başqa heç nə əldə edə bilmirəm. Dövlət tərəfindən mənə heç bir dəstək verilmir Qalmışam Tanrının və qohumların ümidinə.

Apardığım statistikaya əsasən təkcə mənim olduğum Madagiz postunda 29 ölü və 38 yaralı var idi. Xeyli ərazi və bir çox strateji yüksəkliklər düşmən əlinə keçdi. İtkilərimizin çox olmasının səbəbi sıradan çıxmış, köhnə texnika oldu. İşlək olanların çoxu isə məhv edildi".

Sosial şəbəkədə aprel döyüşlərindən danışan D.Kaqramanyan daha bir paylaşmasında önəmli məqamlara toxunur: "Apreldə gecə vaxtı düşmən zərbə endirdi. Minaatan mərmisi yanımda partladı. İki nəfər dərhal öldü, mən də ağır yaralandım. Mənim günahım yoxdur ki, sağ qalmışam. Hazırda Stepanakertdə (Xankəndi-red.) yaşayıram. Nə qədər müraciət etsəm də dövlətdən heç bir sosial yardım və maddi dəstək ala bilmirəm. Dövlət büdcəsində vəsaitin olmadığını izah edərək mənə yardım etməkdən imtina edirlər. Hazırda mənim kimi ağır və maddi çətinliklərlə üzləşən döyüşçülər çoxdur. Ancaq tanışı və vəzifəli qohumu olanlar nəsə ala bilirlər. Qərara almışıq, əgər bu münaqişə bitməsə, problemlərimiz həll olunmasa müxtəlif bəhanələrlə buranı tərk edib basqa ölkəyə gedəcəyik". 

Hazırda aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində işğalçı ölkənin mətbuatında və sosial şəbəkələrdə həmin hadisələrlə bağlı müxtəlif yazılar, şərhlər dərc edilir. Ermənistanda qarşısını almağa nə qədər çalışsalar da, yenə də mütəmadi olaraq məlum aprel döyüşlərində həlak olan hərbçilərin ailə üzvlərinin, eləcə də yaralananların üzləşdikləri acınacaqlı durum və haqsızlıqlarla bağlı ifşaedici məlumatlar yayılmaqdadır. Bütün bunlar burada hökm sürən kriminal rejimin iç üzünü açmağa və Ermənistan ordusu ilə bağlı ölkədəki saxtakarlıqları ifşa etməyə, həqiqəti ictimaiyyətə çatdırmağa yetərlidir. Yalanlarının ortaya çıxacağından qorxan kriminal rejim belə halların qarşısını almaq məqsədilə ən iyrənc üsullara əl atır.