Hikmət Babaoğlu: "Zatulin MDB ölkələri ilə əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir"


Digərləri 28 Mar 2018 10:10:32 262 0

Hikmət Babaoğlu: "Zatulin MDB ölkələri ilə əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir"

"Konstantin Zatulin Rusiya Federasiyası Dövlət Dumasında MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavinidir. Ancaq bu şəxsin fəaliyyəti tam əksinə, MDB ölkələri ilə, eyni zamanda, postsovet məkanında yaşayan rusiyalılarla əlaqələri korlamaqdan ibarətdir. Bu isə onun üzvü olduğu "Vahid Rusiya" fraksiyasının siyasi məqsədləri ilə izah edilə biləcək fəaliyyət deyil".

Son.az xəbər verir ki, bunu Trend-ə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, K.Zatulin həmişə milli etnik zəmində qarşıdurmanı qızışdırmaqda ittiham olunub: "Gah əməkdaşlıq yaratmalı olduğu hansısa MDB ölkəsi tərəfindən persona non-qrata elan edilib, gah da hansısa tanınmayan bir separatçı rejimin "prezident seçkilərini" legitimləşdirmək üçün müşahidəçi statusunda orada iştirak edib. Ən nəhayətində isə öz yarımçıq tarixi bilgiləri və yarımçıq siyasətçi keyfiyyətləri ilə Azərbaycan Prezidentinin fikirlərini şərh etmək cəsarəti göstərib".

Millət vəkili xatırladıb ki, K.Zatulin Krımda separatçılığı dəstəklədiyinə və millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən persona non-qrata elan edildi, 2008-ci ildə Simferopol aeroportunda saxlanıldı və bu ölkəyə girişi birdəfəlik qadağan edildi. Elə həmin vaxt Ukrayna əleyhinə radikal fikirlər səsləndirdiyinə görə xəbərdarlıq aldı, 2017-ci ildən isə dövlət axtarışındadır. 2010-cu ildə K.Zatulin separatçı Dağlıq Qarabağ rejiminin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən persona non-qrata elan edildi. 2014-cü ildə isə Abxaziyada keçirilən seçki şousunda yenə eyni rolu oynadı".

H.Babaoğlunun fikrincə, onun siyasətçi mahiyyəti natamamdır, etnik separatçıların dəstəkçisidir və bu, o qədər barizdir ki, bəzən onun siyasi məqsədləri vətəndaşı olduğu dövlətin belə rəsmi maraqları nöqteyi-nəzərindən anlaşılan deyil:

"Ona görə də Zatulinin kiminsə fikirlərini qeyri-ciddi adlandırmağa heç bir haqqı yoxdur. Çünki qeyri-ciddi biri varsa, o da elə Zatulindir. Ciddi siyasətçi hər şeydən əvvəl öz dövlətinin, qonşu və tərəfdaş ölkələrin maraqlarını nəzərə alan siyasətçidir. Təəssüf ki, Zatulin MDB ölkələri ilə əməkdaşlığa məsul şəxslərdən biri kimi, əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir. Bununla da təkcə həmin ölkələrin rəsmi strukturlarının deyil, eyni zamanda, MDB-də yaşayan çoxminli rus icmasının qınağına tuş gəlir, onların mənafeyini tapdalamış olur. Ciddi siyasətçilər isə heç vaxt bunu etmirlər".