Bakıda tanınmış rəssamlar Aida Mahmudova və Mikelancelo Pistolettonun sərgisi açılıb FOTO
Kriminal 28 Mar 2018 10:02:51 348 0
Martın 27-də "YARAT" Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Aida Mahmudova və italiyalı fırça ustası Mikelancelo Pistolettonun seçilmiş əsərlərindən ibarət sərgi açılıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, "YARAT" Müasir İncəsənət Mərkəzində "Təsəvvür edilməyən perspektivlər" və "Et bunu" adlı sərgi haqqında məlumat verən kurator Suada Qarayeva-Maleki belə bir işin ərsəyə gəlməsini yüksək qiymətləndirib.
Qeyd olunub ki, rəssam Aida Mahmudova yeni yaradıcılığında, "eksperiment üçün alət" qismində müxtəlif materialları araşdırır. Kağız, gil, sement, daş və ilk dəfə olaraq, məhz bu sərgi üçün mərmər kimi müxtəlif materialları qarışdırmaq, dağıtmaq, yenidən yaratmaq, müxtəlif laylar qurmaq və onları bir-birindən ayırmaq prosesi, rəssam üçün materialın "inkişafı", habelə "emosional müalicə" baxımından müəyyən mənada məşğələ rolunu oynayır. Aida Mahmudova, sərgi məkanının üst mərtəbəsi boyunca büsbütün yeni yaradıcılıq konsepsiyasını ərsəyə gətirib. Dağılan sütunları xatırladan heykəllər və monumental divar əsərlərinin yer aldığı ümumi instalyasiya, yarımdağılı və yarımtikili, digər sözlə, "keçid mərhələsində" olan məkan hissini oyadır və yaradıcılığın əhəmiyyətli mərhələsi kimi entropiyanın (xaotiklik dərəcəsi) vacibliyini vurğulayır. Bu proses, rəssam üçün "hər şey" deməkdir və rəssamın orijinal fakturalı əsərləri, onun şəxsi zaman-məkan kontinuumunda əlahiddə məqamları açıqlayan hər bir lay, yaddaş əlamətləri qismində çıxış edir.
Bildirilib ki, öz erkən peyzaj və yarımabstrakt əsərlərində Aida Mahmudova işıq, rəng və materiya ilə eksperimentlər aparmaqla, "özünü ifadə edən" materiallara qarşı müəyyən maraq oyatmağa müvəffəq olub. Rəssamın əsərlərində get-gedə daha çox qatlara rast gəlinir ki, bu da onun öz təcrübəsini üçölçülü sənət səviyyəsinə qədər genişləndirməsindən xəbər verir. Rəssam eyni yanaşmanı heykəltəraşlıq əsərlərinə də tətbiq etməklə, həm emosional, həm də dolğun mühitlər yaradır. Rəssamın dərin və intuitiv araşdırmaları, seçdiyi materiallar və üstünlük verdiyi prozaik kətanın fiziki xüsusiyyətləri ilə harmoniya təşkil etməklə, sevgi, itki, yaddaş və arzu kimi universal insan hisslərinin geniş spektri ətrafında cərəyan edir. Aida Mahmudovanın öz dili ilə desək, "son dərəcə zərif olan bu yaradıcılıq prosesi, insan əlləri ilə yaradılıb və bu baxımdan, fundamental prinsiplərimizdən müəyyən mənada uzaqlaşmanı ifadə edir".
Tədbirdə Mikelancelo Pistolettonun yaradıcılıq axtarışlarından da söz açılıb. Vurğulanıb ki, italiyalı rəssamın əsas əsərlərindən biri təbiət və cəmiyyətin birgə mövcud olduğu harmonik gələcəyə rəğmən, özünəməxsus ifadə üsulu olan "Terzo Paradiso" ("Üçüncü cənnət", 2003) adlı simvoldur. "Üçüncü cənnət" rasional, balanslaşdırılmış, sosial-məsuliyyətli dünyanın axtarılması istiqamətində "həyatın dünyaya qaytarılması məqsədilə, süni olan hər şeyin, o cümlədən elm və texnologiyaların incəsənət ilə bir araya gətirilməsi" kimi sosial məsuliyyəti bəyan edir.