Süfrələr yaraşığı, məclislər bəzəyi və... sağlamlıq vasitəsi


Digərləri 28 Mar 2018 01:30:00 305 0

Süfrələr yaraşığı, məclislər bəzəyi və... sağlamlıq vasitəsi

Badam süfrələr yaraşığı, məclislər bəzəyidir. Qənnadı sənayesində onun şirin ləpələrindən istifadə edilərək müxtəlif şirniyyatlar hazırlanır. Lakin badam müalicə vasitəsi kimi tibdə də geniş istifadə olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, badam ləpələri doymamış yağ turşuları və bitki zülallarının təbii mənbəyidir və həmin maddələr orqanizmdə rahat mənimsənilir. Tərkibində olan zülallar orqanizm üçün vacib və əvəzolunmayan aminturşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor və maqneziumla zəngindir. Acı badamın tərkibində amiqdalin qlikozidin olması ləpəyə acı dad və özünəməxsus qoxu verir.

Tərkibindəki külli miqdarda E vitamini orqanizmə güclü antioksidant təsir göstərir. Qidalanma zamanı badamdan istifadə ediləndə orqanizm qrip, soyuqdəymə və virus infeksiyalarına qarşı daha dözümlü olur. Toxum qabığının tərkibində olan maddələr virus infeksiyasına yoluxanların sağalmasını sürətləndirir.

Şirin badam xalq təbabətində qanazlığı, yuxusuzluq, miqren və şəkərli diabet kimi bəzi xəstəliklər zamanı istifadə edilir. Badam qaraciyərin və dalağın işini yaxşılaşdırır, yüngül ödqovucu təsir göstərir, həzmi və iştahanı normallaşdıraraq yumşaldıcı təsir göstərir. Tərkibindəki minerallar sayəsində dərinin su-lipid balansını təmin edərək onu nəmləndirir, yumşaldır və hüceyrələrin regenerasiya prosesini stimulə edir.