Bakıda ilk dəfə simfonik orkestr rok ifa edəcək


Digərləri 27 Mar 2018 21:52:00 278 0

Bakıda ilk dəfə simfonik orkestr rok ifa edəcək

Bakının xəmiri musiqidən yoğrulub. Bu şəhərin əsən küləklərində belə musiqi səslənir. Tarix boyu paytaxtımız ən maraqlı layihələrlə dünya musiqisevərlərinin diqqətini özünə cəlb edib. Belə konsert proqramlarının biri də aprel ayının 14-ü Heydər Əliyev Sarayında baş tutacaq. 

Son.az oxu.az-a istinadən bildirir ki, proqramın əsas təşkilatçılarından biri, dirijor Cavad Tağıyev layihə haqda ətraflı məlumat verib:

- Bu konsert proqramını Emin Hüseynovla birgə hazırlayırıq. Emin peşəkar skripkaçıdır. Həmçinin öz rok qrupu var. Rusiyanın "İP Orchestra" orkestri müxtəlif janrları simfonik quruluşda ifa edir.

Əsas məqsəd insanlara musiqinin tək sintezator və ifaçıdan ibarət olmadığını aşılamaq və "simfonik orkestr yalnız klassik musiqi ifa etməlidir" çərçivəsini qırmaqdır. Təsəvvür edin ki, simfonik orkestrin ifasında rok əsərlər səslənəcək.

Orkestrdə bizim 30-dan çox gənc musiqiçilərimiz ifa edəcəklər. Rusiyanın dünya şöhrətli dirijoru İqor Ponomarenko isə konserti idarə edəcək. Ponomarenko olduqca peşəkar musiqiçidir. Tez-tez dünya üzrə qastrol səfərlərinə çıxır. Təklifimizi qəbul edib, Bakıya da gəlməkdən çəkinmədi.

İfa olunacaq musiqiçilərin aranjimanı peşəkar mütəxəssislər tərəfindən hazırlanıb. Proqramın not qeydləri artıq əlimizdədir. Bunsuz konsert də baş tutmazdı. Artıq məşqlərə başlamışıq. Elə məkanlar axtarıb tapırıq ki, həm məşq üçün əlverişli olsun, həm otaq geniş olsun, həm də ətrafdakılara ifamızla mane olmayaq.

Qeyd edim ki, Heydər Əliyev Sarayının səhnəsində maraqlı işıqlandırma sistemi də quraşdırılacaq.

- Maliyyə dəstəyiniz varmı?

- Təəssüf ki, xeyr. Qazancımız satılan biletlərdən olacaq. Sözün açığı, sponsor axtarışındayıq. Səylərimiz hələlik bir nəticə vermir. Bu arada, Heydər Əliyev Sarayının rəhbərliyinə göstərdikləri dəstək üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar bizdən öncədən ödəniş istəmədilər. Bildirdilər ki, biletlərdən qazandığımız gəlirlə borcu ödəyə bilərik.