5 milyonluq İslam ordusu mümkündürmü?


Dünya 27 Mar 2018 21:24:00 194 0

5 milyonluq İslam ordusu mümkündürmü?

"The Express" qəzeti yazır ki, təxminən bir ay öncə Türkiyə dövlətinin ruporu olan Yeni Şafak qəzeti Erdoğan üçün "Təcili hərəkətə çağırış" başlıqlı məqalə dərc etmişdi, qəzetin internet saytındakı başqa bir məqalə isə belə adlanırdı: "İsrail əleyhinə İslam ordusu yaradılsa necə olar?"

Məqalədə İslam Əməkdaşlığı təşkilatının 57 üzvünə vahid ordu yaratmaq və İsrailə bütün tərəflərdən, eyni vaxtda hücum etmək çağırışı edilirdi.

Məqalədə deyilirdi: "Əgər İƏT-in üzv ölkələri hərbi ittifaq yarada bilsələr, bu, dünyanın ən böyük və ən güclü ordusunun yaradılması ilə nəticələnər. Bu ordudakı fəal hərbçilərin sayı 5 milyon 206 min 100 nəfərə çata bilər. Belə bir ordunun saxlanması 175 milyard dollarlıq büdcə tələb edərdi".

Bu məqalənin içində çap olunmuş interaktiv xəritədə isə vahid müsəlman ordusunun İsrail üzərinə hücumu da təsvir edilir.

Məqalədə belə bir hücumun təfərrüatları açıqlanır. Qeyd edilir ki, ilk hücumda 250 min əsgərin iştirak edəcəyi gözlənilir.

"Regionların kritik məkanlarında yerləşən yer, hava və dəniz bazalarından istifadə olunacaq. Vahid bazalar qısa müddət ərzində tikiləcək. 500 tankı, 100 təyyarəni, 500 hücum helikopterini səfərbər etmək üçün çox vaxt tələb olunmayacaq" qəzet yazır.

"Express" yazır ki, Erdoğan bu məqaləyə konkret münasibət bildirməsə də, o öz çıxışlarında Osmanlı imperiyasının yenidən dirçəldilməsinə dair fikirlər səsləndirib.

Erdoğanı "tiran" adlandıran qəzet yazır ki, o indiyədək Qətər və Somalidə hərbi bazalar yaradıb və bu yaxınlarda Sudanla bu ölkənin Qırmızı dənizdəki adalarından birindən hərbi baza kimi istifadə edilməsinə dair saziş imzalayıb.

Erdoğan 3,7 milyard avroluq təzminatın ödənməsi şərtiylə Avropadakı Suriya qaçqınlarına sığınacaq verilməsini təmin edəcək.

Bundan başqa Erdoğan Yunanıstana məxsus adaların işğalından söz açıb və Suriyaya hərbi müdaxilə edib.