"Abituriyent" jurnalının saxta nəşrləri aşkar edildi


Digərləri 27 Mar 2018 16:06:00 248 0

"Abituriyent" jurnalının saxta nəşrləri aşkar edildi

Piratçılıqla məşğul olan müəyyən şəxslər Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan "Abituriyent" jurnalı nəşrlərinin yüksək çap reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edirlər. İndiyədək qeyri-qanuni (pirat) nəşrlərin satışının qarşısının alınmasında Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Müəllif hüquqları Agentliyinin əməkdaşları ilə birgə çoxlu sayda operativ tədbirlər həyata keçirilsə də, təəssüf ki, belə nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb. 

Bu yaxınlarda Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən "Caspi LTD" adı altında fəaliyyət göstərən MMC ilə "Hazar İhracat İthalat" AŞ arasında bağlanmış müqavilə əsasında həmin MMC-nin adına gətirilən, hüquqları "Abituriyent" jurnalı redaksiyasına məxsus olan müxtəlif fənlər üzrə 45 minə yaxın test tapşırıqları kitabları saxlanılmış və ölkəyə bu kitabların qeyri-qanuni yolla idxalının qarşısı alınmışdır.

"Caspi LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti bu kitabların çapı və ölkəyə gətirilməsi ilə bağlı "Abituriyent" Jurnalı Redaksiyası ilə heç bir müqavilə bağlamamışdır. Yuxarıda göstərilən kitablar AR Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi tərəfindən saxlanılmış və bu barədə Dövlət İmtahan Mərkəzinə məlumat verilmişdir. "Caspi LTD" adı altında fəaliyyət göstərən MMC tərəfindən Türkiyədən idxal edilən test tapşırıqları və abituriyentlər üçün digər vəsait kitabları barəsində Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi tərəfindən 21.02.2018-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci və 482.3-cü maddəsi ilə inzibati iş açılmışdır. Kitablardan götürülmüş nümunələr ekspertiza aparılıb rəy alınması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, təqdim edilən kitablar pirat və kontrafakt məhsullar olduğu müəyyən edildiyi üçün işin materialları aidiyyatı üzrə baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Bu gün Kəpəz Rayon Məhkəməsində qeyd olunan inzibati pozuntuya baxılacaqdır.

Xatırladaq ki, qeyri-qanuni (pirat) nüsxələrin müqayisəsi zamanı əsl (orijinal) nüsxə ilə xeyli sayda uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq: Əsl (orijinal) nüsxələrin  titul vərəqində (birinci səhifədə) gizlədilmiş xüsusi simvolar pirat nüsxələrdə görünmür. Pirat nüsxələrin yan, arxa üzlüyündə və titul vərəqində olan sözlərdə bir neçə yerdə "ə" hərfi əvəzinə "e" hərfi yazılmışdır. Həmçinin digər orfoqrafik səhvlərə yol verilmişdir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan bölməsi üçün fənlər və siniflər üzrə bu seriyadan olan 41 adda test kitabı nəşr etdirmişdir. Bu kitablara oxucu tələbatı yüksək olduğundan, bir neçə fənn və siniflər üzrə belə qeyri-qanuni (pirat) nəşrlərin çapı, yayılması və satışı ehtimal olunur.