Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - Komissiyanın CAVABI


Digərləri 27 Mar 2018 15:31:42 222 0

Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - Komissiyanın CAVABI

Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq?

Bakı. İlhamə İsabalayeva – “Yeni orfoqrafiya qaydaları ilə bağlı layihənin müzakirəsində iştirak edən mütəxəssislər, eyni zamanda qeyri-mütəxəssislərin çoxu “alqı-satqı” sözünün yazılışında “q” hərfinin saxlanılmasının tərəfdarı olublar. Məncə, buna görə də bu sözün yazılışı ilə bağlı geniş müzakirələrin aparılmasına ehtiyac qalmayacaq, çünki ictimai rəy artıq bir çox məsələləri həll edib”. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib. İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan dilinin orfoqrafiya qaydalarının hazırlanması üzrə Dilçilik İnstitutu ilə Orfoqrafiya Komissiyasının birgə yaratdığı işçi qrup fəaliyyətini davam etdirir. Hazırda işçi qrup bu layihə ilə bağlı cəmiyyətdə, dövrü mətbuatda səslənən fikir və ideyaları sistemləşdirir. Komissiyanın sədr müavini əlavə edib ki, artıq işçi qrup öz işini yekunlaşdırmaq üzrədir: “İşçi qrupun indiyədək keçirdiyi 3 iclas müzakirələrdə səslənən fikirlərin statistikasının və hər bir təklif haqqında məlumatların hazırlanması ilə bağlı olub. Orfoqrafiya qaydalarının müzakirə edilməsi səlahiyyəti Orfoqrafiya Komissiyasına aiddir”.