İranlı ekspert: Azərbaycan regional proseslərdə mühüm rol oynayır


Siyasət 27 Mar 2018 13:36:00 225 0

İranlı ekspert: Azərbaycan regional proseslərdə mühüm rol oynayır

Azərbaycan hazırda regional proseslərdə mühüm rol oynayır və region ölkələri arasında əlaqələndirici qismində çıxış edir.

Son.az bildirir ki, bunu Trend-ə Avrasiya Tədqiqat Mərkəzinin Avrasiya məsələləri üzrə böyük ekspert Şüeyb Bəhmən (İran) deyib.

Azərbaycanın Qafqaz regionunda böyük geosiyasi əhəmiyyətini qeyd edən ekspert deyib ki, bu amil ölkənin daha güclü iqtisadi inkişafına xidmət edir.

Azərbaycanla İran arasındakı münasibətlərdən danışan Ş.Bəhmən onu da bildirib ki, Bakı və Tehranın iqtisadi əməkdaşlığı genişləndirmək təşəbbüsü hər iki ölkədə iqtisadi vəziyyətə müsbət təsir göstərəcək və xalqların rifahını daha da yaxşılaşdıracaq.

Ekspertin sözlərinə görə, son illərdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlər həm iqtisadiyyat, həm də siyasi sahədə inkişaf edir.

Daha sonra Ş.Bəhmən qeyd edib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi iki ölkə arasında əlaqələrin dərinləşməsində vacib rol oynayır:

"Bu layihə hər iki ölkə üçün unikal imkanlar yaradacaq. "Şimal-Cənub" nəqliyyat dəhlizi yük daşımalarını asanlaşdıracaq və hər iki ölkəyə tranzitdən gəlir gətirəcək".

Qeyd edək ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizi ilə Şimali Avropa ilə Hindistan və Cənub-Şərqi Asiyanı əlaqələndirmək nəzərdə tutulur. Layihə İran, Azərbaycan və Rusiya dəmir yollarının birləşdirilməsi üçün halqa rolunu oynayacaq.

İlk mərhələdə "Şimal-Cənub" dəhlizi ilə ildə 6 milyon ton, gələcəkdə isə 15-20 milyon ton yük nəql etmək planlaşdırılır.

Yüklər Hindistan ərazisindən, sonra Fars körfəzi, İran, Azərbaycan və Rusiyadan keçməklə Şimali Avropaya cəmi 14 günə çatacaq.